×
A
A
A
Sazlamalar

68 saylı Sabirabad-Şirvan seçki dairəsi üzrə maarifləndirici treninqlər davam edir

Sabirabad, 22 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

68 saylı Sabirabad-Şirvan seçki dairəsinin Dairə Seçki Komissiyasında aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir. Treninqlər gündə iki dəfə olmaqla, beşgünlük nəzərdə tutulub.
Dairə Seçki Komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, treninqlər seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri cəlb olunmaqla, Mərkəzi Seçki Komissiyası tərəfindən tərtib edilmiş xüsusi proqram əsasında aparılır. Tədris edilən məşğələlər zamanı iştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə günü prosedurları, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilir, komissiya üzvlərinin sualları cavablandırılır.
Hər bir iştirakçıya Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim olunur.
Qeyd edək ki, sözügedən dairə üzrə 59 seçki məntəqəsi var, onlardan 55 məntəqə Sabirabad rayonunda, 4 məntəqə isə Şirvan ərazisində yerləşir. 48 min 443 nəfər seçici Sabirabad, 3 min 859 nəfər isə Şirvan üzrə olmaqla, ümumilikdə, seçki dairəsində 52 min 302 nəfər seçici qeydə alınıb ki, onlardan 26 nəfəri ilk dəfə səsvermə hüququna malik seçicilərdir. Seçki dairəsi üzrə 205 namizəd qeydə alınıb.

Regionlar 2025-01-22 10:46:00