BDU “THE 2025” reytinqində ölkə liderliyini qoruyur
Bakı, 22 yanvar, AZƏRTAC
“Times Higher Education” (THE) reytinq təşkilatı 2025-ci il üçün dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinin ixtisaslar üzrə reytinq siyahısını açıqlayıb. Reytinq nəticələrinə əsasən, Bakı Dövlət Universiteti (BDU) yer aldığı kateqoriyaların sayına və mövqeyinə görə Azərbaycanda lider mövqeyini qorumaqda davam edir. BDU fiziki elmlər (fizika, kimya, geologiya, astronomiya, riyaziyyat və s.) sahəsində 1001+ mövqeyində yer alaraq, Azərbaycanda bu kateqoriya üzrə reytinqə daxil olan yeganə ali təhsil müəssisəsi olub.
Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib. Qeyd olunub ki, universitet, həmçinin mühəndislik elmləri (kimya mühəndisliyi, geologiya mühəndisliyi, hidrogeologiya mühəndisliyi, geofizika mühəndisliyi və s.) sahəsində 1001-1250-ci mövqedə qərarlaşaraq, bu kateqoriya üzrə reytinqdə ölkədə lider mövqeyini möhkəmləndirib.
Ümumilikdə BDU-nun qiymətləndirmə nəticələri əvvəlki illə müqayisədə fiziki elmlər sahəsində 10 faiz, mühəndislik elmləri sahəsində isə 14 faiz artıb.
Qeyd edək ki, nüfuzlu THE təşkilatının əsas fəaliyyət istiqamətlərindən biri dünyanın ali təhsil müəssisələrinin və ixtisaslarının reytinqini tərtib etmək və universitetlərin reytinqinin yüksəldilməsi üçün tövsiyələr verməkdir. Universitetlərin reytinq nəticələri tədris keyfiyyəti, elmi-tədqiqat fəaliyyəti, istinad indeksi, beynəlxalq reputasiya, sənaye gəlirləri və digər meyarlar əsasında müəyyən edilir.
"Beynəlxalq Kitab Bağışlama Günü"ndə məktəblərə kitab hədiyyə edilib
Mərkəzi Elmi Kitabxanada məktəblilərə kitablar hədiyyə edilib
Şərqşünas-alim Daşkənddə keçirilən beynəlxalq konfransda məruzə edib
Kayum Nasırinin 200 illiyinə həsr edilən beynəlxalq elmi-praktik seminar keçirilib
Elm və Təhsil Nazirliyi ilə AİB arasında əməkdaşlıq məsələləri müzakirə edilib