Milli Kitabxanada professor Kamandar Şəriflinin 85 illiyi münasibətilə kitab sərgisi açılıb
Bakı, 18 yanvar, AZƏRTAC
Milli Kitabxanada professor Kamandar Şəriflinin 85 illiyi münasibətilə kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə alimin elmi fəaliyyəti sayəsində işıq üzü görmüş əsərləri, tərtibçisi olduğu və transliterasiya etdiyi kitablar yer alıb. Həmçinin tərcümələri, “Ön söz” yazdığı, redaktoru olduğu və rəy verdiyi əsərlər, elmi fəaliyyəti və yaradıcılığı haqqında ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunub.
Sərgi bir həftə davam edəcək.
Qeyd edək ki, Kamandar Şərifli “Mətnşünaslıq” (2001), “Mətnşünaslığın əsasları” (2003), “Əbdülqəni Nuxəvi Xalisəqarızadə” (2001), “Azərbaycan mətnşünaslığının təşəkkülü və inkişafı” (1996), “Alim, pedaqoq və kitabşünas” (2007), “Azərbaycan əlyazma kitabı və kitabxanaları” (2009), “Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə kitabxanasının kataloqu” 2 cilddə (2010, 2023), “Mətnşünaslığın nəzəri əsasları” (2011) və s. kimi monoqrafiyaların, tədqiqat əsərlərinin müəllifidir. Alimin 2019-cu ildə elmi əsərlərindən ibarət dörd cildliyi nəşr olunub. Professor Kamandar Şərifli Əlyazmalar İnstitutunda saxlanılan ərəbdilli əlyazmalar kataloqunun I (1984; 2008), II (2000), III (2007) və IV (2019) cildlərinin müəlliflərindən olmaqla bərabər II, III və IV cildlərin tərtibçi və redaktorudur.
Parisdə Azərbaycan bəstəkarlarının musiqisindən ibarət konsert olub VİDEO
Qəbələ festivalında Bakı Xoreoqrafiya Akademiyasının konsert proqramı maraqla qarşılanıb
Dövlət Uşaq Filarmoniyası “Qırmızı Papaq” tamaşası ilə çıxış edib