Təhsildə Keyfiyyət Təminatı Agentliyi ADNSU-ya akkreditasiya şəhadətnaməsi təqdim edib
Bakı, 15 yanvar, AZƏRTAC
Yanvarın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyəti və struktur bölmə rəhbərləri ilə görüş keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, qonaqlara cari tədris ilində universitetin uğurları, xüsusən də beynəlxalq reytinqlərdə əldə etdiyi nailiyyətləri barədə məlumat verilib. Növbəti 5 il üçün agentliyin universitet qarşısında yeni vəzifələr qoyduğunu deyən rektor əvəzi Vazeh Əskərov buna müvafiq olaraq yeni hədəflərin müəyyənləşdiriləcəyini və bu istiqamətdə fəaliyyət planının aktiv şəkildə icrasına başlanacağını qeyd edib.
TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov ötən müddət ərzində ADNSU-nun reytinqlərdə və akkreditasiya prosesindəki uğurlarından danışıb və növbəti müddətdə 68 istiqamət üzrə tövsiyələrin icra olunmasına başlanıldığını deyib. O, tövsiyələrin icrası ilə bağlı fəaliyyət planının tərtib edilməsinin və digər məsələlər ətrafında geniş fəaliyyətin agentliklə universitet arasında sıx əməkdaşlığın göstəricisi olduğunu bildirib.
Görüşdə, həmçinin ADNSU ilə TKTA arasında əməkdaşlığın perspektivləri, akkreditasiyası prosesinin əhəmiyyəti və ali təhsildə keyfiyyət standartlarına uyğunlaşma meyarları müzakirə olunub. İştirakçılar müzakirə edilən mövzular ətrafında öz fikirlərini bildiriblər.
Sonda ADNSU-ya agentliyin “İnstitusional Akkreditasiya Şəhadətnaməsi” təqdim edilib.
ADPU və Antalya Belek Universiteti arasında əməkdaşlıq görüşü keçirilib
İdman Akademiyasının rəhbər heyəti “Sağlam bədən, sağlam zehin” mövzusunda müzakirələrdə çıxış edib
“Bəylikdən cahan dövlətinə Osmanlılar” kitabı Türkiyədə nəşr olunub
“Qərbi Azərbaycan tədqiqatları: çağırışlar və perspektivlər” mövzusunda elmi konfrans keçirilib