×
A
A
A
Sazlamalar

BDU-da elektron biblioqrafik resursların təsnifatı araşdırılıb

Bakı, 13 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Elektron biblioqrafik resursların təsnifatı” mövzusunda elmi seminar keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının müəllimi Namiyə Xəlilova mövzu üzrə məruzə edib.
Məruzəçi əvvəlcə cəmiyyətin qlobal informasiyalaşdırılması kontekstində biblioqrafik fəaliyyətin yeni forması kimi meydana çıxan elektron biblioqrafik resursların əhəmiyyəti və perspektivləri barədə məlumat verib. Elektron biblioqrafiyanın mühüm xassələri, ənənəvi biblioqrafiya ilə əlaqəsi, informasiya potensialından istifadə metodologiyası, elektron resursların ümumi xarakteristikası və müxtəlif əlamətlər üzrə təsnifləşdirilməsi kimi məsələləri izah edib.
Tədqiqatçı yerli və xarici mütəxəssislərin bu sahədə apardığı tədqiqatları şərh edib, akademik mühitdə aktuallıq kəsb edən və mühüm elektron resurslar hesab olunan “Google Scholar”, “Web of Science”, “Scopus” kimi beynəlxalq elmmetrik platformalar barədə məlumat verib. Məruzədə elektron biblioqrafik resursların müxtəlif əlamətlər üzrə təsnifləşdirilən növləri, o cümlədən bu resursların Azərbaycan kitabxanalarında yaradılması və yayımı təcrübəsindən bəhs olunub. Azərbaycan Milli Kitabxanasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının biblioqrafik resursları təhlil edilib.
Elmi seminar müzakirələrlə yekunlaşıb.

Elm və təhsil 2024-12-13 15:49:00