×
A
A
A
Sazlamalar

Vaşinqtonda Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib VİDEO

Vaşinqton, 13 dekabr, AZƏRTAC

Azərbaycanın ABŞ-dakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb.
AZƏRTAC-ın məlumatına görə, anım tədbirində ABŞ-da yaşayan Azərbaycan icmasının nümayəndələri, burada təhsil alan azərbaycanlı tələbələr və digər qonaqlar iştirak ediblər.
Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahım çıxışı zamanı Ulu Öndərlə bağlı xatirələrini bölüşüb və bildirib ki, müasir Azərbaycanın banisi olan Heydər Əliyev Azərbaycan diplomatiyasının da əsasını qoyub. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu strategiyaların həyata keçirilməsi istiqamətində əzmlə çalışdıqlarını əlavə edib. “Azərbaycan artıq dünyada öz layiqli yerini tapıb. Biz 4 ildir ki, Azərbaycanın böyük Zəfəri haqqında danışırıq. Bunun təməlini də Ulu Öndər Heydər Əliyev qoyub və Ali Baş Komandanımız, Prezident İlham Əliyev və igidlərimiz sayəsində həyata keçirilib. Biz həmişə onun arzularını yüksək tutaraq irəli doğru hərəkət edəcəyik”,- deyə səfir qeyd edib.
Daha sonra tədbir iştirakçıları ehtiram əlaməti olaraq Heydər Əliyevin səfirlikdəki büstü önünə gül qoyublar.
Sonda qonaqlara Ulu Öndərlə bağlı film nümayiş olunub.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Siyasət 2024-12-13 07:12:00

Video