Qərbi Azərbaycandan olan veteran futbolçu: Bu gün də o torpaqlara getsəm, hər qarışını tanıyaram
Bakı, 10 dekabr, AZƏRTAC
“Qərbi Azərbaycanda yaşadığımız rayonun hər nöqtəsi yadımdadır. Bu gün də o torpaqlara getsəm, hər qarışını tanıyaram”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Füzuli Məmmədov deyib.
1977-ci ildə Qərbi Azərbaycanın Zəngibasar (Masis) rayonunda müəllim ailəsində doğulan mütəxəssis 2-ci sinfə kimi orada təhsil alıb. F.Məmmədovun sözlərinə görə, atası Nürəddin Məmmədov həmin rayonun orta məktəbində yeganə idman müəllimi olub: “1985-ci ildə isə Bakı şəhərinə köçdük. O zamanlar hələ müharibə olmamışdı deyə yay tətilində nənəmgilə gedirdim. Nənəm Masis rayonunun Zəhmət kəndində yaşayırdı. Anam Ceyran Məmmədova da bu kənddə doğulub boya-başa çatıb”.
Hazırda 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi olan F.Məmmədov Qərbi Azərbaycanda keçirdiyi günləri yaxşı xatırladığını və həmin vaxtlar üçün darıxdığını söyləyib: “Çünki artıq yaşım az deyildi və tətillərdə Ermənistana gedirdim. Rayonumuz barədə çoxlu xatirələrim var. Orada ermənilərlə azərbaycanlılar birgə yaşayırdılar. Amma fikrimcə, azərbaycanlılar çoxluq təşkil edirdilər. Zəhmət və digər kəndlərmizdə yaşayanların hamısı, demək olar ki, azərbaycanlılar idilər. O zaman hələ dava-dalaş düşməmişdi. Ermənilər bizləri çox da sevmirdilər. Bəzi erməni qonşularımızın bizimlə mehriban olmasına baxmayaraq, onların çoxu bizə qarşı kin bəsləyirdi”.
Qarabağın 30 ildən sonra Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində işğaldan azad edildiyini vurğulayan mütəxəssis bir gün qərbi azərbaycanlıların da doğma yurdlarına qayıdacağına inandığını bildirib: “Dövlətimizin qüdrəti və ordumuzun şücaəti sayəsində torpaqlarımız geri qaytarıldı. Bundan sonra gənclərdə Vətənə və torpağa olan sevgi daha da artdı. İnanıram və əminəm ki, qərbi azərbaycanlılar da bu sevinci yaşayacaqlar. Dövlətimizin başçısı İlham Əliyev millətini, Vətəninin hər qarış torpağını sevən Azərbaycanın mərd oğludur. Belə Prezidenti olan dövlət yenilməzdir”.
Avropa Liqası: “Beşiktaş” doğma meydanda İspaniya klubunu məğlub edib
Kişi voleybolçuların Yüksək Liqasında VII turun iki oyunu keçirilib
“Qalatasaray” futbolçusunu ABŞ klubuna icarəyə verib
“Neftçi” Azərbaycan millisinin futbolçusunu transfer edib
Rumıniya klubunun baş məşqçisi: "Qarabağ"la oyun çox çətin olacaq