×
A
A
A
Sazlamalar

Regionda kənd gəncləri üçün yeni layihə həyata keçirilir

Gəncə, 5 dekabr, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Kənd gənclərinin çağdaş peşə sahələrinə inteqrasiyası” layihəsi start götürüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin məqsədi kəndlərdə yaşayan gənclər üçün müasir peşə və sərbəst iş imkanları ilə bağlı məlumatlılığı təmin etmək və bu istiqamətdə elektron kitabça yaradaraq, gənclər arasında geniş şəkildə maarifləndirmə işi aparmaqdır.
Layihə çərçivəsində ilkin olaraq müasir peşə sahələri və sərbəst iş imkanları ilə bağlı elektron kitabça hazırlanıb. Kitabça hər kəsin bu məlumatlara ödənişsiz şəkildə əlçatanlığını təmin etmək üçün “Gələcəyə Körpü” GİB-in rəsmi internet səhifəsində yerləşdirilib.
Layihənin növbəti mərhələsi olaraq Tovuzun Bozalqanlı və Qazaxın Daşsalahlı kəndlərində yerləşən orta məktəblərdə 7-9-cu sinif şagirdləri üçün müasir peşə sahələri, rəqəmsal bacarıqlar, sərbəst iş metodu və həmçinin hazırlanmış elektron kitabça barəsində təlim sessiyaları təşkil edilib, şagirdləri bu istiqamətdə maraqlandıran suallar cavablandırılıb.
Təlimlərin ölkə üzrə 6 rayonda təşkil olunması planlaşdırılıb və bundan sonra Göygöl, Samux, Daşkəsən və Şəmkir rayonlarında davam edəcək.

 

Regionlar 2024-12-05 16:29:00