×
A
A
A
Sazlamalar

Oryol şəhərində “Turgenevlə Şərqə qeyri-adi səyahət” adlı fotosərgi açılıb

Bakı, 12 noyabr, AZƏRTAC

İ.S. Turgenev adına Oryol Dövlət Ədəbiyyat Muzeyində (Oryol şəhəri, Rusiya) azərbaycanlı fotorəssam Rüstəm Hüseynovun əsərlərindən ibarət sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, “Turgenevlə Şərqə qeyri-adi səyahət” sərgisi Oryolda ənənəvi bayrama – bu şəhərdə dünyaya gələn, rus ədəbiyyatının klassiki İvan Sergeyeviç Turgenevin doğum gününə təsadüf edir. Rüstəm Hüseynov Azərbaycanın memarlığına və təbiətinə həsr olunmuş fotoşəkillərindən ibarət sərgini təqdim edib.
Rüstəm Hüseynov AZƏRTAC-ın müxbiri ilə söhbətində layihə ideyasının necə yaranmasından, əsərlərin sərgiyə gələnlər tərəfindən necə qarşılandığından bəhs edib.
“İdeya Turgenev adına Oryol Dövlət Ədəbiyyat Muzeyinin əməkdaşlarında yaranıb. Onlar mənim əsərlərimi sərginin konsepsiyasına ən uyğun olan əsərlər kimi seçiblər. Mən bu təklifə həm təəccübləndim, eyni zamanda da ondan zövq aldım, o mənim üçün gözlənilməz oldu, - deyə fotorəssam söyləyir. Sərgi uğurla keçdi: sərgiyə gələnlər xüsusilə dağların və memarlığın təsvir olunduğu kadrları bəyəndilər. Onları ən çox Şirvanşahlar sarayı və İçərişəhər heyran etdi”.
Rüstəm Hüseynovun sözlərinə görə, o, sərgi üçün əsərlər seçərkən səyyahın gündəliyinə illüstrasiya kimi görünəcək ən maraqlı kadrları seçməyə çalışıb, eyni zamanda Azərbaycanın təbii və mədəni gözəlliklərinin bütöv obrazını yaratmağa çalışıb - axı sərgiyə gələnlərin çoxu heç vaxt Azərbaycanda olmayıb.
“Bu sərgi ölkəmizi gözəl təbiətdən tutmuş mədəni ənənələrə qədər bütün rəngarəngliyi ilə göstərir. Sərginin ideyası diqqəti ona çəkir ki, ölkəmizə maraq dünən yaranmayıb, o rus ədəbiyyatının klassiklərində çoxdan olub”.
Fotorəssam qeyd edib ki, İvan Turgenev uşaqlıqdan Şərqin - “möcüzələr diyarı”nın əsiri olub və onun kitab kolleksiyasından da göründüyü kimi Şərqin dahi şairlərinin yaradıcılığına maraq göstərib. Turgenevin ardınca onun həmyerliləri, rus ədəbiyyatının klassikləri A.Fet, N.Leskov, İ.Bunin, L.Andreyev və başqaları Şərqə ədəbi səyahətə çıxdılar.
Rüstəm Hüseynovun əsərlərindən ibarət sərgi 2025-ci il yanvarın 20-dək davam edəcək.

Mədəniyyət 2024-11-12 04:30:00