×
A
A
A
Sazlamalar

Azərbaycanın Zəfər Günü münasibətilə Meksikada yürüş keçirilib

Bakı, 11 noyabr, AZƏRTAC

Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin dördüncü ildönümü, həmçinin Bayraq Günü münasibətilə paytaxt Mexiko şəhərinin əsas küçəsi olan Paseo de la Reforma prospektində ölkədəki qeyri-hökumət təşkilatları fəallarının iştirakı ilə yürüş keçirilib.
Azərbaycanın Meksika səfirliyindən AZƏRTAC-a bildirilib ki, yürüş iştirakçıları şəhərin adıçəkilən küçəsi ilə Azərbaycan-Meksika Dostluq Parkına qədər uzun məsafə qət edib və yol boyu “Zəfər Günün mübarək olsun Azərbaycan” pankartları açaraq təbrik şüarları səsləndiriblər.
Azərbaycan-Meksika Dostluq Parkı önündə keçirilmiş mərasimdə yürüşə rəhbərlik edən “Gənc Diplomatlar Assosiasiyasının” rəhbəri Maurisio Tofoya Azərbaycanın dörd il öncə 30 ilə yaxın erməni işğalında qalmış torpaqlarını azad edərək öz ərazi bütövlüyünü bərpa etdiyini bildirib. Azərbaycanın ədalətin bərqərar edilməsi naminə mübarizəsinin hər zaman haqlı və humanist missiya olduğunu, ölkəmizin hazırda öz səylərini azad edilmiş ərazilərinin yenidən qurulması və bir milyona yaxın soydaşının evlərinə qayıdışının təşkilinə, habelə regionda davamlı sülh və dialoq mühitinin yaradılmasına yönəltdiyini qeyd edib.
Sonda yürüş iştirakçıları adından Zəfər Günü münasibətilə Azərbaycan xalqına rəsmi təbrik ifadə edilib.

Cəmiyyət 2024-11-11 01:39:00