×
A
A
A
Sazlamalar

Aktau şəhərində “Azərbaycan-qazax xalqlarının Dostluq xiyabanı” açılıb

Bakı, 11 noyabr, AZƏRTAC

Aktau şəhərində yerləşən Prezident bağında Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğunun və Manqistau Vilayət Qubernatorluğunun dəstəyi ilə yaradılmış “Azərbaycan-qazax xalqlarının Dostluq xiyabanı"nın açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Baş Konsulluğun başçısı Elçin Məmmədov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən tədbirlərdən, ölkəmizdə keçiriləcək COP-29 beynəlxalq tədbirindən danışıb. Sonra bu yöndə dəstək əlaməti olaraq Baş Konsulluq tərəfindən qardaş ölkə olan Qazaxıstanın Aktau şəhərində yaşıl dostluq guşəsinin yaradılması təşəbbüsünün irəli sürüldüyünü qeyd edib. Bununla yanaşı, yaradılmış “Azərbaycan-qazax xalqlarının Dostluq xiyabanı"nın xalqlarımız arasında tarixi köklərə söykənən dostluq, qardaşlıq bağlarının möhkələnməsinə xidmət etdiyini vurğulayıb və qonaqlara təşəkkürünü bildirib.
Sonra Manqistau Vilayət Qubernatorunun müavini Abat Urisbayev çıxış edərək iki ölkə arasında yüksək səviyyəli münasibətlərdən, əlaqələrin dərinləşməsi istiqamətində qarşılıqlı olaraq görülən işlərdən danışıb.
Çıxışlardan sonra qonaqların iştirakı ilə “Azərbaycan-qazax xalqlarının Dostluq xiyabanı"nın daş lövhəsinin təntənəli açılış mərasimi olub. Sonra ekoloji aksiya başlanıb və xiyaban üçün ayrılmış ərazidə Azərbaycanın florasını tərənnüm edən Eldar şamı, Xan çinarı, nar, zeytun, badam və digər meyvə ağacları olmaqla ümumilikdə 300 ədəd ağacın əkilib.

Cəmiyyət 2024-11-11 00:24:00