Tovuzun Dövlət Rəmzləri Muzeyindən - REPORTAJ FOTO VİDEO
Tovuz, 9 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildi. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideayalara sadiqliyimizi nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, Tovuzun Dövlət Rəmzləri Muzeyi 4 il öncə fəaliyyətə başlayıb. Muzey 4 mart 2020-ci ildə açılıb. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
Muzey binası 1 sərgi və 22 yerlik konfrans zallarından, inzibati və yardımçı otaqlardan ibarətdir. Muzeyin sərgi zalında 3 bölmə yaradılıb. Bölmələrdə Azərbaycan xanlıqlar dövrünün xəritəsi, xanlıqların bayraqları, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünü, Azərbaycan SSR dövrünü və Azərbaycanın müstəqillik dövrünü əks etdirən konstitusiyalar, gerblər, bayraqlar, poçt markaları, orden və medallar nümayiş olunur.
Muzeydə eksponat sayı kifayət qədərdir və gündən-günə onların sayı durmadan artır. Burada Ağqoyunlu, Səfəvilər dövründən bu yana bayraqlarımız sərgilənməkdədir. Sovet hakimiyyəti dövründəki bayraqlar da burada yer alıb. Bu muzey ətraf rayon sakinləri üçün də məlumat bazasıdır. Burada tək bayraqlar deyil, pul nümunələri, orta əsr döyüşçülərinin geyimləri, hərbi geyimlər, ordenlər, medallar, gerblər və tarixi xəritələr də sərgilənir.
Tovuz şəhər Aleksandr Sergeyeviç Puşkin adına tam orta məktəbin tarix müəllimi Svetlana Hüseynova deyir ki, məktəblilərin də asudə vaxtlarında mütəmadi olaraq Dövlət Rəmzləri Muzeyinə səfərlərinin təşkil edilməsi onların tarixi bilgilərinin artmasına əyani şəkildə təsir göstərir. “Bu gün bizim üçün vacib, layiqli bir bayramdır - Dövlət Bayrağı Günüdür. Biz Azərbaycan türkü olaraq bayrağa önəm verən bir xalqıq. Azərbaycan türkləri bu bayrağı canından hər zaman üstün tutubdur. Bu gün çox şadıq ki, bayramı suveren Azərbaycanda qeyd edirik”- deyə, tarix müəllimi Svetlana Hüseynova bildirib.
Bu gün hər birimizin ürəyində bayraq sevgisi var. Yeni nəsil də bayraq sevgisi ilə böyüyür. Torpaqlarını işğaldan azad edən bir xalqın övladı olaraq hər birimiz bu gün hər yerdə fəxrlə - “Bayraq mənliyimdir, Bayraq kimliyim, Bayraq - öz yurduma öz hakimliyim” – deyə bilirik. Bayrağımız bu gün Qarabağda, ölkəmizin bütün bölgələrində, bütün park və xiyabanlarda, uca dağ zirvələrində dalğalanmaqdadır.
Laçın Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub
Naxçıvanda qarölçmə işlərinə başlanılıb
Naxçıvanda “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda tədbir keçirilib
Ölkəmizin müxtəlif regionlarından olan gənclərin Ordubada səfəri təşkil olunub