Şamaxı Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib
Bakı, 8 noyabr, AZƏRTAC
Şamaxı rayonunun Mədəniyyət Mərkəzində Rayon Ağsaqqallar Şurasının Zəfər Gününə həsr olunmuş hesabat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Konfransda Dövlət Himni səsləndirilib və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Konfransda hesabat məruzəsi ilə çıxış edən Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov ötən dövr ərzində görülmüş işlərdən və keçirilmiş tədbirlərdən bəhs edib. Rayonun ictimai-siyasi və mədəni həyatında, xüsusilə gənc nəslin milli ruhda yetişməsində ağsaqqalların rolundan və nüfuzundan söhbət açıb.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov hər kəsi Zəfər Günü münasibətilə təbrik edərək vurğulayıb ki, bizə bu möhtəşəm Zəfəri bəxş etdiyinə görə Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə və onun qətiyyətli rəhbərliyi ilə igidliklə vuruşan əsgər və zabitlərimizə, qəhrəman qazilərimizə bir daha dərin minnətdarlığımızı bildirir, unudulmaz şəhidlərimizi ehtiramla anırıq. Sonra natiq ağsaqqallıq institutunun tarixindən, ölkəmizdə ağsaqqalları təşkilatlandıraraq 35 ildir öz səmərəlı fəaliyyəti ilə xalqımıza və dövlətimizə uğurla xidmət edən Azərbaycan Ağsaqqallar Şurasının keçdiyi şərəfli yoldan söz açıb.
Bayram Yusifov Şamaxı rayon təşkilatının işinə qiymət verərkən vurğulayıb ki, cəmiyyətimiz ağsaqqallarımızdan daha təsirli və səmərəli fəaliyyət gözləyir. O, ağsaqqalları daha fəal olmağa çağıraraq təəssüf hissi ilə qeyd edib ki, bu gün cəmiyyətimizdə boşanmaların sayı gündən-günə çoxalır, gənclərimizdə zərərli vərdişlərə, narkomaniyaya, siqaretə aludəçilik problemləri artır. Bu və digər mənfi hallara qarşı cəmiyyətimiz birlikdə mübarizə aparmalıdır və ağsaqqallar hər zaman öndə olmalıdır. Ağsaqqallarımız gənclərimzdən öz öyüd və nəsihətlərini, məsləhətlərini heç zaman əsirgəməməli, maarifləndirici işlərini davamlı surətdə həyata keçirməlidirlər.
Sonra təşkilati məsələlər müzakirə olunub. Şamaxı Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinə yeni üzv və Fəxri üzvlər seçilib.
Konfransda çıxış edən digər natiqlər də ağsaqqalların respublikanın, o cümlədən rayonun ictimai-siyasi və mədəni həyatında oynadıqları əhəmiyyətli danışaraq, bu gün ölkəmizdə ağsaqqallara göstərilən dövlət dəstəyinə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
“Yaşıl gələcək bizim gözümüz ilə" adlı fotomüsabiqə keçirilir
Dekabrın 15-16-da ölkə ərazisində hava şəraiti nisbətən sabitləşəcək
İrlandiyada yaşayan azərbaycanlı: Fəxri konsulun təyin edilməsi qürurverici və mühüm addımdır VİDEO