×
A
A
A
Sazlamalar

“Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri” - elmi-praktik konfrans

Bakı, 8 noyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. Tədbirin təşkilatçıları İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Texniki Universiteti, Milli Aerokosmik Agentliyi və Radiasiya Problemləri İnstitutudur.
Bu barədə AZƏRTAC-a İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib.
Konfransda çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev sağlam ətraf mühitin və yaşıl cəmiyyətin formalaşdırılmasının dövlət siyasətinin əsas prioritetlərindən olduğunu bildirib. Qeyd edib ki, ölkəmizdə yaşıl və rəqəmsal transformasiyaların inkişafı, eyni zamanda, ekoloji problemlərin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu günlərdə keçiriləcək COP29 tədbiri həm dövlət, həm də alim və mütəxəssislərin qarşısında ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi və yaşıl cəmiyyətin formalaşdırılması ilə bağlı yeni öhdəliklər, mühüm vəzifələr qoyur.
Akademik R.Əliquliyev rəqəmsal texnologiyalarla bağlı tədqiqatların İnformasiya Texnologiyaları İnstitutunun diqqət mərkəzində olduğunu qeyd edib, həmçinin rəqəmsal texnologiyaların yaşıl transformasiyalara neqativ və pozitiv təsirlərindən danışıb: “Əsas məqsədimiz İKT-nin, rəqəmsal texnologiyaların ətraf mühitə mənfi təsirlərinin azaldılması, eləcə də süni intellektin tətbiqi ilə yaşıl cəmiyyətin, yaşıl iqtisadiyyatın formalaşması istiqamətində problemləri araşdırmaq və onların həllinə töhfə verməkdir”.
AMEA-nın vitse-prezidenti ekoloji problemlərin həllində yaşıl riyazi modellərin işlənilməsi məsələsinə də toxunaraq, artıq dünyanın müxtəlif ölkələrində yaşıl riyaziyyata həsr olunmuş konfransların, simpoziumların keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, yaşıl riyaziyyatın metodlarından istifadə edərək multidisiplinar tədqiqatlar aparılmalı, bu istiqamətdə fəaliyyət genişləndirilməlidir.
Konfransda Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyev, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru professor Misir Mərdanov, Milli Aerokosmik Agentliyin baş direktoru professor Natiq Cavadov, Radiasiya Problemləri İnstitutunun baş direktoru professor İslam Mustafayev, Milli Aerokosmik Agentliyin Ekologiya İnstitutunun direktoru professor Bəhram Əliyev çıxış ediblər.
Çıxışlarda COP29 tədbiri ərəfəsində ölkəmizdə yaşıl və rəqəmsal transformasiyalarla bağlı görülən işlərin bir istiqaməti olan bu konfransın aktual elmi problemlərin müzakirə olunması baxımından önəmi qeyd olunub, konfrans “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə kimi qiymətləndirilib. Həmçinin Azərbaycanda qlobal iqlim dəyişikliklərinin təsirlərinin yumşaldılması istiqamətində həyata keçirilən dövlət siyasətindən danışılıb.
Konfrans işini “Yaşıl cəmiyyətin formalaşmasında rəqəmsal texnologiyalar” və “Yaşıl iqtisadiyyata keçidin elmi praktiki problemləri” adlı seksiya iclasları ilə davam etdirib.

Elm və təhsil 2024-11-08 18:27:00