×
A
A
A
Sazlamalar

Qələbəmiz xalqımızın əbədi qürur mənbəyidir – ŞƏRH

Bakı, 8 noyabr, AZƏRTAC
44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu böyük iradə və peşəkarlıqla irəliləyərək, nəhayət, Şuşaya çatdı. Çətin relyef, düşmənin əlverişli mövqedə yerləşməsi və tanklarla silahlanması Azərbaycan Ordusunun üzərinə xüsusi peşəkarlıq və cəsarət tələbləri qoydu, əsgərlərimizin bu çətin şəraitdə göstərdiyi qəhrəmanlıq, Şuşanın azad edilməsi əməliyyatını Qarabağ Zəfərinin zirvəsinə çevirdi. Ordumuzun 2020-ci il noyabrın 8-də qazandığı tarixi qələbəsi ilə işğaldan azad edilən Şuşa Azərbaycan xalqının milli iradəsinin və qəhrəmanlığının simvoluna çevrildi. Qarabağın döyünən qəlbi olan bu qədim şəhərin azadlığı yalnız strateji əhəmiyyət daşımır, eyni zamanda Azərbaycan xalqı üçün mənəvi bir qələbə, milli qürurun təntənəsi kimi yaddaşlara həkk olundu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova söyləyib.
O xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 8 Noyabr Zəfər Günü elan edilərək tarixin yaddaşında əbədi iz buraxdı. “Şuşa şəhərində Ali Baş Komandan tərəfindən Azərbaycanın üçrəngli Bayrağının ucaldılması yalnız hərbi qələbə deyil, eyni zamanda milli birlik və milli qürur günü kimi tarixə düşdü. Prezident İlham Əliyev bu günü “Azərbaycanın şanlı tarixi” kimi xarakterizə edərək, Şuşanın azadlığını xalqın qürur mənbəyi kimi təqdim etdi. Məhz bu xüsusiyyətlərinə görə hər il Zəfər Günü Azərbaycanın ən vacib dövlət bayramlarından biri olaraq qeyd edilir”, - deyə deputat bildirib.
Sevil Mikayılova Şuşa qələbəsinin Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin qoyduğu təməl üzərində qurulmuş güclü və müstəqil Azərbaycan dövlətinin gücünün göstəricisi olduğunu deyib. Deputat Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi və hərbi sahələrdə də gücünü daha da artırdığını və ölkəmizin BMT Təhlükəsizlik Şurasının 27 il boyunca yerinə yetirilməmiş qətnamələrini öz gücü ilə icra edərək regionda və beynəlxalq səviyyədə gücünü bir daha nümayiş etdirdiyini vurğulayıb.
“Qələbədən sonra Şuşa yalnız Azərbaycanın deyil, həm də Türk dünyasının mədəniyyət paytaxtı elan edildi. Şəhərdə Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli və Bülbül kimi şəxsiyyətlərin büstləri bərpa edilərək əvvəlki yerlərinə qoyuldu. Şuşa Azərbaycan mədəniyyətinin simvolu olmaqla yanaşı, dünya miqyasında da böyük əhəmiyyət kəsb edir. Şuşada turizm və infrastruktur layihələri həyata keçirilir, yeni hotellər və konqres mərkəzləri fəaliyyətə başlayır ki, bu da şəhərin beynəlxalq mədəniyyət paytaxtı statusunu möhkəmləndirir”, - deyə S.Mikayılova əlavə edib.
İkinci Qarabağ müharibəsinin həm də milli birliyin, xalqın öz lideri ətrafında möhkəm dayanmasının parlaq nümunəsi olduğunu diqqətə çatdıran Sevil Mikaylova qeyd edib ki, 44 gün ərzində Azərbaycan xalqı və Ordusu düşmən qarşısında bir addım belə geri çəkilmədən mübarizəyə davam etdi və Şuşanı azad edib 30 illik işğala son qoyaraq Azərbaycan torpaqlarını öz əzəli sahiblərinə qaytardı. Şuşanın bərpası Azərbaycanın mədəniyyət paytaxtı olaraq dünya miqyasında əhəmiyyətini artırır və gələcək illərdə inkişafını davam etdirərək dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi üçün addımlar atılır. Azərbaycan xalqı üçün Şuşa və Zəfər Günü həm keçmişin qürurunu yaşadan, həm də gələcəyin parlaq hədəflərinə gedən yolda ruh yüksəkliyi verən mühüm bir tarix olaraq əbədi qalacaq.
“2023-cü ilin sentyabr ayında aparılan antiterror tədbirləri nəticəsində Qarabağda separatçı rejim tamamilə aradan qaldırıldı və Azərbaycan öz suverenliyini tam bərpa etdi. Bu addım Ali Baş Komandan, Prezident İlham Əliyevin “dəmir yumruq” ifadəsinin real həyatda təzahürü olaraq, dövlətin qətiyyətini və gücünü bir daha nümayiş etdirdi. Həmçinin, bu addım Azərbaycanın sərhədlərinin tam olaraq bərpasını təmin etdi və regionda sabitliyin bərpasına töhfə verdi. Düşünürəm ki, qələbəmiz xalqımızın əbədi qürur mənbəyidir”, - deyə deputat qeyd edib.

Siyasət 2024-11-08 17:30:00