Qobustan Təbiət Qoruğunda Zəfər Günü münasibətilə tədbir keçirilib
Bakı, 8 noyabr, Günel Alıyeva, AZƏRTAC
Qobustan Milli Tarix-Bədii Qoruğunun təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Vətən müharibəsində Zəfərin dördüncü ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Açıq havada keçirilən tədbirin proqramına musiqiçi və rəqqasların iştirakı ilə şou-konsert, təsviri incəsənət üzrə ustad dərsləri və əl işlərinin satış yarmarkası daxil edilib. İyirmiyə yaxın sahibkar sağlamlıq imkanları məhdud olan şəxslərin yaratdıqları məmulatları təqdim edib. Sərgidə, həmçinin Zəfər Gününə həsr olunmuş işlər və milli naxışlarla bəzədilmiş əşyalar nümayiş etdirilib.
Tədbir çərçivəsində nazir Adil Kərimli şəhid ailələrinin üzvləri və qazilərlə görüşüb. Nazir görüşdəki çıxışında qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti və şanlı Ordumuzun qüdrəti sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, 8 Noyabr isə xalqımızın tarixinə qızıl hərflərlə yazılıb.
“İşğaldan azad edilmiş, üçrəngli Bayrağımızın əzəmətlə dalğalandığı torpaqlara bu gün Böyük Qayıdış davam edir. Tarixi abidələrimiz bərpa olunur. Bu tarixi zəfəri torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş, qanları ilə tarix yazan şəhidlərimizə borcluyuq”, - deyə o bildirib.
Şəhidlərin ailə üzvlərini və qaziləri bayram münasibətilə təbrik edən nazir onlarla xatirə şəkilləri çəkdirib.
Tədbirdə şəhid anaları oğulları ilə fəxr etdiklərini bildiriblər, onların sayəsində bu şanlı qələbənin Azərbaycan tarixinə əbədi yazılacağını vurğulayıblar.
“Mən bir şəhid anası kimi oğlumla qürur duyuram. Şəhidlərimiz, qazilərimiz olmasaydı, biz bu qələbəni qeyd edə bilməzdik. Hər kəsin bayramını təbrik edirəm! Biz özümüz də bilmədən öz evimizdə qəhrəmanlar böyütmüşük”, - deyə şəhid Pünhan Abbasovun anası bildirib.
Qazi Vüqar Məmmədov 8 Noyabr - Zəfər Gününün əhəmiyyətini vurğulayıb: “Şəhidlərimiz Vətən uğrunda, xalq uğrunda qan tökməsəydilər, özlərini qurban verməsəydilər, biz bu günü qeyd edə bilməzdik. Biz bu gün bu bayramı təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da qeyd edirik. Azərbaycan xalqının zəfəri haqqında hər kəs məlumatlıdır. Biz bu şərəfli günü tarixə qanla, şəhid yoldaşlarımızla, arxa cəbhədəki xalqın dəstəyi ilə yazdıq”.
O həmçinin deyib: “Biz ayıq olmalıyıq. Mən bir əsgər, ehtiyatda olan xüsusi təyinatlılar əsgəri kimi Azərbaycan Respublikasının azadlığını, suverenliyini və müstəqilliyini müdafiə etməyə daha da əzmlə hazırlaşmağı qarşıma məqsəd qoymuşam”.
Qazi Bəhram Rəcəbli AZƏRTAC-ın müxbiri ilə söhbətində hər kəsi bayram münasibətilə təbrik edib, soydaşlarımızın Qərbi Azərbaycana - Zəngəzura qayıtmasına inamını ifadə edib: “Mən xüsusi təyinatlıların kəşfiyyat bölməsində Füzuli və Qubadlının azad edilməsi uğrunda döyüşlərdə iştirak etmişəm. İnanıram ki, bizi qarşıda daha çox qələbələr gözləyir və biz mütləq Zəngəzura qayıdacağıq. Bizə bu zəfəri bəxş edən Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə, eləcə də şəhidlərimizə, qazilərimizə minnətdarıq”.
Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev jurnalistlərlə söhbətində bildirib ki, bu tədbirin məqsədi Azərbaycan xalqının bu böyük zəfərini Azərbaycanın ən qədim yerlərindən birində - Qobustanda qeyd etməkdir.
Direktor Zəfər Gününün təsis edilməsinin əhəmiyyətini də vurğulayıb.
“Qobustanın mədəniyyət mərkəzi və qoruğu olaraq bu Zəfər Gününü qazilərimiz və şəhid ailələrimizlə birgə keçirmək bizim üçün şərəf idi”, - deyə V.İsayev əlavə edib.
“8 Noyabr təkcə Zəfər Günü deyil, həm də Azərbaycan xalqının birlik günüdür. 44 gün ərzində xalqımız bir-biri ilə, Ali Baş Komandanla, Ordumuz ilə həmrəylik nümayiş etdirib və biz hamımız bunun canlı şahidi olduq”, - deyə direktor vurğulayıb.
Bayram tədbiri konsert proqramı ilə davam edib.
Azərbaycan filmi Zakura festivalında xüsusi mükafata layiq görülüb
Əməkdar rəssam Tahir Məmmədovun yaradıcılığından bəhs edən kitabın təqdimatı keçirilib
Rəşid Behbudovun xatirəsi yad edilib
Mədəniyyət naziri Kürdəmirdə vətəndaşları qəbul edib
Kukla Teatrı Yeni ili "Şaxta baba haradadır?” tamaşası ilə qarşılayacaq