×
A
A
A
Sazlamalar

“AzərEnerji”də Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilib

Bakı, 8 noyabr, AZƏRTAC

Zəfər Günü ilə bağlı “AzərEnerji” ASC tərəfindən silsilə tədbirlər keçirilib. Rayonlarla yanaşı Bakıda da Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, şəhid ailələrinə baş çəkilib, müxtəlif tədbirlər təşkil edilib.
Bu barədə AZƏRTAC-a ASC-dən məlumat verilib.
“AzərEnerji” ASC-nin Baş idarəetmə, elm, tədris və laboratoriya mərkəzində keçirilən tədbirdə “AzərEnerji” rəhbəri Baba Rzayev çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun və bütövlükdə xalqımızın yumruq kimi birləşib böyük Zəfər qazanmasının ildönümü münasibətilə energetikləri təbrik edib. Bildirib ki, bu 4 ildə Zəfər sevincini xalqımız Qarabağ və Şərqi Zəngəzurun quruculuq və dirçəliş sevinci ilə paralel yaşayıb: “Sözsüz ki, bu inkişaf və quruculuq işlərində energetiklərin də üzərinə böyük məsuliyyət düşür. İşğaldan azad edilən ərazilərdə bu günədək “AzərEnerji” tərəfindən 45 enerji obyekti - 32 su elektrik stansiyası, 12 yarımstansiya və 1 Regional Rəqəmsal İdarəetmə mərkəzi tikilərək istifadəyə verilib. Hazırda Xankəndi yarımstansiyası, Kəlbəcər, Laçın və Ağdərədə isə 6 su elektrik stansiyası tikilir”.
Tədbirdə “AzərEnerji” ASC-də çalışan bir qrup qazi və veteranlara fəxri fərmanlar verilib. Eyni zamanda, Energetiklər Günü ilə bağlı ötən ay Prezident İlham Əliyev tərəfindən təltif edilən əməkdaşlara medallar təqdim olunub.
Sonda bildirilib ki, 8 Noyabr - Zəfər Günü ilə bağlı “AzərEnerji” tərəfindən 75 şəhid ailəsinə ərzaq qutusu daxil olmaqla pul mükafatı verilib. Eyni zamanda, 20 qazi və 588 nəfər müharibə veteranına pul mükafatı göndərilib.

İqtisadiyyat 2024-11-08 15:27:00