×
A
A
A
Sazlamalar

Laçında hərbçilərin iştirakı ilə yürüş təşkil olunub -YENİLƏNİB

Laçın, 8 noyabr, AZƏRTAC
Laçın şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib.
AZƏRTAC-ın Laçına ezam olunmuş müxbiri xəbər verir ki, tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə xidmətinin və “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşları, şəhid ailələri, qazilər, hərbiçilər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, sakinlər iştirak ediblər. Bayraq meydanından başlayan tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himni səsləndirilib.

Tədbiri açan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib. Bildirib ki, Zəfər Gününü qeyd edərkən hər birimiz şəhidlərimizin, qazilərimizin və veteranlarımızın əzmkarlığı, şücaəti və misilsiz qəhrəmanlığı qarşısında baş əyirik: “Məhz onların qanı, canı və fədakarlığı bahasına bu müqəddəs torpaqlarda yenidən qürurla yaşayırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə və veteranlarımıza möhkəm cansağlığı diləyirik”.
Prezidentin xüsusi nümayəndəsi vurğulayıb ki, Azərbaycanın hər qarış torpağında şəhidlərimizin, qazilərimizin izi var.
Birinci Qarabağ müharibəsi şəhidi Vaqif Salmanzadənin qızı Vüsalə Salmanzadə bildirib ki, yüzlərlə Laçın sakini və qonaq bu bayramda bir araya gələrək, Zəfərimizin şərəfinə keçirilən tədbirdə iştirak edirlər: “Laçınlılar bu il də Zəfər Günü münasibətilə yenidən doğma torpaqlarında əzmlə addımlayır, öz gələcəyinə qətiyyətlə irəliləyirlər. Azərbaycan xalqının Zəfər bayramını təbrik edirəm. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Yaşasın Ali Baş Komandan, yaşasın qalib Ordumuz!”.
44 günlük İkinci Qarabağ müharibəsinin qazisi, şəhid Ədalət Məmmədov adına Zabux kənd orta məktəbinin hərbi rəhbəri Taleh İsgəndərli isə 44 günlük Vətən müharibəsində az da olsa, payının olmasından sevincini dilə gətirib.

Döyüş yolundan danışan qazi 2020-ci ilin oktyabrında Qubadlı rayonu uğrunda gedən döyüşlərdə ağır yaralandığını, bir müddət komada qaldığını deyib: “Ali Baş Komandan İlham Əliyev minlərlə qəhrəman hərbçimiz kimi, məni də orden və medallarla təltif etdi. Dövlətin qayğısını hər zaman hiss etmişəm. Çalışdığım Zabux kəndində evlə təmin olunmuşam. Göstərilən diqqət və qayğıya görə, hər kəsə öz dərin minnətdarlığımı bildirirəm”.
Milli Qəhrəman Oqtay Gülalıyevin həyat yoldaşı Afət Novruzova çıxışında şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib, tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib.
Müharibə veteranı Elçin Abbaszadə isə çıxışında deyib ki, bu gün hamımız üçün müqəddəs olan tarixi günü - Zəfər Gününü qeyd edirik: “Bu Zəfər bizə təkcə torpaqlarımızı deyil, həm də milli qürurumuzu qaytardı. Bu gün bütün Azərbaycan xalqı bir yumruq kimi birləşərək, öz qəhrəman əsgərlərinə, zabitlərinə dərin ehtiramını ifadə edir”.
Rəsmi hissədən sonra hərbi orkestrin və şəxsi heyətin müşayiəti ilə “LaCinema” kino mərkəzinə qədər bayraq yürüşü keçirilib.
Kino mərkəzində şanlı Zəfərimizin ildönümünə həsr edilmiş bayram konserti olub.
Təqdimatdan sonra Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş “Oğul” sənədli filmi nümayiş etdirilib.

Regionlar 2024-11-08 12:42:00