×
A
A
A
Sazlamalar

Zəfər Günündə son qərinənin qəhrəmanları minnətdarlıqla anılıb YENİLƏNİB VİDEO

Bakı, 8 noyabr, Göyçək Mahmudlu, Fidan Əlizadə, AZƏRTAC
Dörd il əvvəl - 2020-ci ilin sentyabrında Azərbaycana payız bir başqa cür gəldi. Payızın ətrini barıt qoxusu əvəz etdi, göydən yağış deyil, güllələr, mərmilər yağmağa başladı, gənclər evlərinə deyil, cəbhəyə doğru yol almağa, yurd-yuvasını itirənlər öz doğma ocaqlarına tələsməyə başladılar. Sentyabrın 27-dən başlanan yol addım-addım, pillə-pillə qət edilərək noyabrın 8-də Şuşada tamamlandı. Əli, ayağı yalın keçdiyimiz yolları əlimizdə silah, tanklar üstündə, üçrəngli bayrağımızı sinəmizdə daşıyaraq keçdik.
Cəmi 44 gündə tarix kitabları yenidən yazıldı...
Lakin 44 gündə Vətən adlı bağın 2900-dan çox yarpağı solaraq torpağa düşdü...
Üç il sonra isə 24 saat tamamlanmadan tamamlandıq. Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə üçrəngli bayrağımızın ay-ulduzu gecə-gündüz parlamağa başladı. Artıq bütöv Azərbaycanın səması aydınlanmış, göylərə çəkilən bayrağımızın rəngləri ilə al-əlvan olmuşdu...
Bütün dünya “44+1” gün ərzində ən hündür nöqtəyə - Zəfər zirvəsinə dırmanaraq şanlı bayrağımızı sancan əsgər və zabitlərimizin qəhrəmanlığını heyranlıqla izləməli olmuşdu.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan xalqı Zəfər Gününü təxminən bir qərinə ərzində bu yolda ömrü xəzəl olan qəhrəmanlar ilə keçirmək üçün ölkənin dörd bir yanında yerləşən Şəhidlər xiyabanlarına axışıb, onların məzarlarını ziyarət edib, dərin minnətdarlıq və ehtiramını ifadə edib.
Bakıdakı Birinci və İkinci Şəhidlər xiyabanlarında şəhidlərin son mənzillərini qərənfillər, qızılgüllər bəzəyib.
Yeddidən yetmiş yeddiyə hər kəsin vəfa borcunu yerinə yetirmək üçün üz tutduğu müqəddəs and yerlərimizdə izdiham yaşanıb. Şəhidlərin ailə üzvləri, müharibə veteranları, qazilər, ictimaiyyət və dövlət nümayəndələri... Azərbaycan xalqı günə Qələbəmiz naminə şirin canını qurban edənləri yad etməklə, onların əmanətləri ilə acılarını bölüşməklə başlayıb.
Qürur, hüzn, kədər - bütün hisslərin bir anda yaşandığı məkanları ziyarət edən balacalar Zəfər tariximizə canlı-canlı şahid olur və öyrənirlər.

Şəhidlərimizin taleyi fərqli olsa da, amalları eynidir

AZƏRTAC-ın müxbiri ilə söhbətində şəhid kapitan Elvin Kazımovun anası Fədayə Kazımova söyləyib: “Şəhidlərimizin taleyi fərqli olsa da, amalları eynidir. Bütün şəhidlərimiz “Qarabağ Azərbaycandır!” şüarını söyləyib vətən uğrunda gözlərini qırpmadan canlarını fəda ediblər. Oğlum Elvin Ağdərə istiqamətində döyüşüb, Suqovuşanın azad olunmasında iştirak edib, sonra isə Talış kəndi istiqamətində hərbi əməliyyatlara qoşulub. Orada yaralanıb, çıxmayıb, şəhadətə yüksəlib. Fəxr edirəm ki, Elvin kimi oğulun anasıyam”.
Şəhid Rəşad Zeynallının atası Qiyas Zeynalov bildirib ki, şəhidimiz evin yeganə oğlu olub. “Tərxisinə üç gün qalmış müharibə başladı. Könüllü olaraq irəli getdi. Ona zəng edib danışanda şəhid olmaq istədiyini dedi. Torpaqlarımız şəhid və qazilərimiz sayəsində azad olundu. Onlar alnımızda olan ləkəni təmizlədilər. Cəbrayılda döyüşüb, sonra Qubadlı istiqamətinə yollanıb, orada şəhid olub”-, deyə Q.Zeynalov əlavə edib.
Ehtiyatda olan baş leytenant Vüqar Əhmədov qeyd edib ki, 14 yaşında didərgin düşdüyü Cəbrayıla döyüşərək geri qayıdıb. “Zəfər Günü Azərbaycan dövlətçiliyi tarixinə qızıl hərflərlə yazılan xüsusi tarixdir. Müharibə zamanı bizim üçün ən vacib olan mənəvi dəstək idi. Həmin dövrdə azyaşlı uşaqların bizə yazdıqları məktublar həmin anlarda çox kömək oldu, kiçikdən-böyüyə hər kəsin bizə inamından güc aldıq”.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.

Cəmiyyət 2024-11-08 19:00:00

Video