Naxçıvanda şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib
Naxçıvan, 7 noyabr, AZƏRTAC
Noyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikada 8 Noyabr - Zəfər Günü, “Yaşıl dünya naminə həmrəylik ili” və Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Şərur Şəhidlər xiyabanında keçirilən aksiya zamanı ərazidə şəhidlərin xatirəsinə 103 çinar tingi əkilib və onların bioqrafiyalarını əks etdirən QR kodlu lövhələr yerləşdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Şərur şəhərində inşa olunacaq şəhidlər memorial-abidə kompleksinin layihəsi ilə tanış olub. Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov məlumat verib ki, şəhər mərkəzində yer ayrılan kompleksin ərazisində səkkizguşəli ulduz formasında abidə ucaldılacaq və ətrafında qövsvarı memorial lövhələr qurulacaq. Lövhələrdə Şərur şəhidlərinin fotoları və onlar haqqında məlumatlar öz əksini tapacaq.
Ali Məclis sədrinin birinci müavini Şərur rayonunun Püsyan kəndi ərazisində salınacaq yeni yaşıllıq zolağına da baxıb. Məlumat verilib ki, 10,8 hektarlıq ərazidə salınacaq bağda calaq üsulu ilə yetişdirilmiş müxtəlif meyvə tingləri və qızıl şam ağacları əkiləcək.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında 2023-cü ildə imzalanmış Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair memoranduma əsasən, Naxçıvan-Çalxanqala avtomobil yolunun 2-ci kilometrliyində də ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində ərazidə 2200 tut tingi əkilib.
Qazaxda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan Beynəlxalq elmi simpozium keçirilib
Gəncə teatrının direktoru: Festivallar təcrübə mübadiləsi aparmaq üçün çox faydalıdır
Qaxda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var
IV Şəki Beynəlxalq Teatr Festivalı başa çatıb
Baş konsul: İğdır-Naxçıvan qaz kəmərinin tikintisi yekunlaşıb