Dövlət Statistika Komitəsində 8 Noyabr - Zəfər günü münasibətilə tədbir keçirilib
Bakı, 7 noyabr, AZƏRTAC
Dövlət Statistika Komitəsində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra 8 Noyabr - Zəfər Gününə həsr olunmuş film nümayiş etdirilib.
Tədbirdə çıxış edən iştirakçılar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, şanlı Azərbaycan Ordusunun rəşadəti nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu qeyd edərək, Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşdiyini vurğulayıblar. Bildirilib ki, 44 günlük haqq mübarizəsində tarix yazan şanlı ordumuz, qəhrəman əsgər və zabitlərimiz güclü dövlət, güclü ordu strategiyasını, milli birlik, həmrəylik və güclü iradə vəhdətini bütün dünyaya nümayiş etdirib.
İştirakçılar əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Qarabağın azad edilərək, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, Azərbaycan Bayrağının bu gün Şuşada və digər azad edilmiş torpaqlarımızda dalğalandığını qeyd ediblər. Qarabağda böyük miqyaslı quruculuq və bərpa işlərinin həyata keçirildiyindən, milli-mədəni abidələrimizin bərpa edildiyindən bəhs edərək, Böyük Qayıdış proqramı nəticəsində öz evlərini tərk etmiş, doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki ata-baba yurdlarına qayıdışının önəmini vurğulayıblar. Eyni zamanda, şəhid ailələri, qazilər və müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi əməyini qeyd edərək dərin minnətdarlıq bildiriblər.
Sonra Dövlət Statistika Komitəsində çalışan Vətən müharibəsi iştirakçılarına hədiyyələr verilib.
İnteraktiv təlim: “Dinlə, məlumatlı ol, gələcəyinə sahib çıx!”
Gəncəyə uçan Rusiya vətəndaşı Mineralnıye Vodı Beynəlxalq Hava Limanında milyonuncu sərnişin olub
Özbəkistan QHT-ləri Milli Forumuna Azərbaycan nümayəndə heyəti qonaq qismində dəvət olunub