Qloballaşan dünyada türk dövlətlərinin və xalqlarının birliyi ciddi zərurətə çevrilib ŞƏRH
Bakı, 7 noyabr, AZƏRTAC
Qloballaşan dünyada türk dövlətlərinin və xalqlarının birliyi ciddi zərurətə çevrilib. Sovet ittifaqı dağıldıqdan sonra türk dövlətləri ilə münasibətlər qurmaq və inkişaf etdirmək Azərbaycanın xarici siyasətində prioritet olub. Bu siyasətin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin türk birliyinin güclənməsi istiqamətindəki xidmətləri danılmazdır. Hər il türk dövlətlərinin başçılarının Zirvə görüşünün keçirilməsi də məhz Ulu Öndərin təşəbbüsləri sırasında olub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
O bildirib ki, 2003-cü ildən etibarən İlham Əliyevin dövlət başçısı kimi siyasətində Türk dünyasının birliyinin gücləndirilməsi mühüm yer tutur. Bu gün türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımlardır. Bu hədəfin reallaşmasında isə Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna rolu var. Prezident İlham Əliyev ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək, təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türk dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verir. Dövlətimizin başçısı türk xalqlarının oxşar milli irsinə, dəyərlərinə, mental xüsusiyyətlərinə həm də güclü ideoloji-siyasi amil kimi yanaşır. Ona görə də, bu gün Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır.
“Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində “Türk Dünyasını Gücləndirmək: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və hamı üçün Təhlükəsizlik” şüarı altında keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 11-ci Sammitində də dövlətimizin başçısı çıxışı zamanı mühüm mesajlar verdi. Prezident İlham Əliyev Azərbaycanın Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini bəyan etdi. Eyni zamanda, dövlətimizin başçısı hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığın vacibliyini bir daha vurğulayıb. Deyib ki, hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir.
Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı Ermənistanın 30 il ərzində işğalçılıq siyasətinin nəticələrindən də bəhs edib. İşğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələrimiz, qəbiristanlıqlarımız Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılıb. Eləcə də, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən möhtəşəm quruculuq işləri barədə məlumat verilib, bu prosesdə türk dövlətlərinin dəstəyi minnətdarlıqla qarşılanıb”, - deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. Orta Dəhlizin reallığa çevrilməsi Azərbaycan da daxil olmaqla, türk dövlətlərinə iqtisadi dividendlər qazandırmaqla, onların geosiyasi əhəmiyyətini də beynəlxalq müstəvidə artıracaq.
Pərvin Kərimzadə qeyd edib ki, hazırda Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artmaqdadır. Azərbaycan üzv dövlətlərlə həm təşkilat daxilində, həm də ikitərəfli çərçivədə sıx münasibətlərə malikdir. TDT-yə üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir.
“TDT-nin 11-ci Zirvə görüşünün yekununda Bişkek Bəyannaməsi də daxil olmaqla 16 sənəd imzalanıb. Sənədlər sırasına “Yaşıl baxış. Dayanıqlı gələcək naminə birliyin qəbulu” qərarı, Bişkek şəhərinin 2025-ci il Türk dünyasının rəqəmsal paytaxtı elan edilməsi, TDT-nin daimi nümayəndələri haqqında əsasnamə, Türk Dünyası Xartiyasının qəbulu haqqında qərar, türk əməkdaşlıq təşkilatlarının bayraqları haqqında qərar və sair daxildir. Dövlət başçıları sammitdə Türk Dövlətləri Təşkilatının yeni bayrağının qəbul olunması haqqında da qərar veriblər. Bayraq Türk dünyasına xas olan bütün rəmzləri, ümumi irs və hərtərəfli əməkdaşlığı özündə mükəmməl şəkildə əks etdirir. Bu dəyərlər isə Türk Dövlətləri Təşkilatının rəhbər tutduğu missiyanın yerinə yetirilməsində xüsusi əhəmiyyətə malikdir. Bundan əlavə, Bişkek Bəyannaməsinə əsasən, TDT ölkələrinin liderləri 2025-ci ildə rəsmi sammitin Azərbaycanda, qeyri-rəsmi sammitin isə Macarıstanda keçirilməsini təsdiqləyiblər. Bütövlükdə, Bişkek sammitində qəbul olunan qərarlar türk birliyinin daha da gücləndirilməsi yolunda növbəti mərhələ oldu”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.
YAP və AK Parti sədrlərinin müavinləri arasında görüş keçirilib
Ceyhun Bayramov Andorra Knyazlığının xarici işlər naziri ilə görüşüb