×
A
A
A
Sazlamalar

Əfran İsmayılov: “Qarabağ” artıq avrokubok oyunlarında qol fürsətlərindən yararlanmalıdır

Bakı, 7 noyabr, AZƏRTAC

“Qarabağ” bu gün çox ağır oyuna çıxacaq. Komandamızın səfərdən ən azı 1 xalla qayıdacağına ümid etməliyik”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Əfran İsmayılov keçmiş komandasının UEFA Avropa Liqasının əsas mərhələsinin IV turunda bu gün səfərdə Norveçin “Budyo-Qlimt” klubuna qarşı keçirəcəyi oyun barədə danışarkən deyib.
O, Ağdam təmsilçisinin çox çətin rəqiblə qarşılaşacağını bildirib: “Norveç klubu həm yerlə yaxşı oynayır, həm də hava toplarında inamlı təsir bağışlayır. Buna görə də “Qarabağ” əlinə düşən fürsətlərdən maksimum istifadə etməlidir. Hamımız səbirsizliklə axşamkı matçı gözləyirik. İnanırıq ki, sevinən tərəf komandamız olacaq”.
Veteran futbolçunun sözlərinə görə, “köhlən atlar” yaxşı nəticə üçün öz futbolunu nümayiş etdirməlidir: “Qarabağ”ın öz oyun dəst-xətti var. Ağdamlılar bütün komandalarla rahat şəkildə futbol oynayır, hücumlar edirlər. Yetəri qədər qol fürsətləri yaxalayırlar. Qələbə üçün həmin şanslardan yararlanmalıdırlar. Düşünürəm ki, Qurban Qurbanovun komandasının ən böyük problemi məhz budur. Böyük klublar bütün imkanlardan maksimum yararlanıb, vəziyyəti öz xeyirlərinə dəyişirlər. Amma nədənsə bu, “Qarabağ”da alınmır. Bu mövsüm Avropa Liqasında keçirdikləri 3 oyunun hər birində bəlkə də ən çox qol fürsəti əldə edən komanda olublar. Amma bu fürsətlərdən istifadə edə bilmirlər. Pley-offa çıxmaq istəyirlərsə, mütləq xal qazanmalıdırlar. Bunun üçün isə qol vurmaq lazımdır”.
Qeyd edək ki, “Aspmüra” stadionunda keçiriləcək “Budyo-Qlimt” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

İdman 2024-11-07 17:22:00