×
A
A
A
Sazlamalar

Kişineuda Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub VİDEO

Kişineu, 7 noyabr, AZƏRTAC

Moldovanın paytaxtı Kişineuda Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Moldovadakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə Moldovanın Xarici İşlər Nazirliyinin, eləcə də digər dövlət qurumlarının rəsmiləri, bu ölkənin sabiq Baş naziri Kirill Qaburiç, Moldovada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, ictimai fəallar, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan və Moldovanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Bayram tədbirinin rəsmi hissəsində Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev çıxış edərək, xalqımızı və dünya azərbaycanlılarını bayramlar münasibətilə təbrik edib, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və müdrik rəhbərliyi altında Silahlı Qüvvələrimiz tərəfindən torpaqlarımızın işğaldan azad edildiyini, ərazi bütövlüyümüzün bərpa olunduğunu qürur hissi ilə vurğulayıb.
Səfir daha sonra tədbir iştirakçılarını Azərbaycan ilə Ermənistan arasında sülh prosesi, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən geniş bərpa-quruculuq işləri barədə məlumatlandırıb.
Ülvi Baxşəliyev Dövlət Bayrağı Gününün yaranma tarixi, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımızın 1990-cı il noyabrın 17-də yenidən ucaldıldığı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün hər il 9 noyabrda qeyd edilməsinə dair 17 noyabr 2009-cu il tarixli Sərəncamı barədə də məlumat verib.
Səfir, həmçinin çıxışında dünyanın ən əhəmiyyətli və irimiqyaslı beynəlxalq tədbirlərindən olan COP29-un gələn həftə Azərbaycanda keçiriləcəyini vurğulayaraq, bu tədbirdə 80-dən çox dövlət və hökumət başçısının iştirakının nəzərdə tutulduğunu söyləyib və Azərbaycan Respublikasının iqlim dəyişmələri və onun mənfi təsirləri ilə mübarizəyə xüsusi önəm verən ölkələrin sırasında olduğunu qeyd edib.
Qonaqlar daha sonra Vətən müharibəsində şanlı Qələbəmizə həsr olunmuş videoçarxa baxıblar.
Tədbir iştirakçılarına Azərbaycan milli mətbəxinin təamları təqdim olunub.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

Siyasət 2024-11-07 17:00:00

Video