×
A
A
A
Sazlamalar

Şarl Mişel: Avropa İttifaqı ABŞ-la münasibətləri dərinləşdirmək istəyir

Bakı, 7 noyabr, AZƏRTAC

Avropa İttifaqı ABŞ-la əlaqələri dərinləşdirmək, eyni zamanda, öz taleyinin sahibi olmaq istəyir.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bu barədə Avropa Siyasi Birliyinin Budapeşt sammitinə gedərkən deyib.
“Birləşmiş Ştatlarla əlaqələrimizi dərinləşdirmək istəyirik, çünki bizim çoxsaylı ortaq cəhətlərimiz var. Biz, eyni zamanda, öz taleyimizə daha çox sahib çıxmağa çalışırıq”, - deyə Şarl Mişel Donald Trampın prezident seçkilərində qələbəsindən sonra ABŞ-la münasibətlər barədə danışarkən bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı “daha nüfuzlu olmaq və iqtisadiyyatını gücləndirmək istəyir”.
“Biz BMT sistemini, beynəlxalq hüquqi nizamı müdafiə edərək, hörmətli və dəyərli tərəfdaş kimi ABŞ-la əlaqələrimizi dərinləşdirməyə hazırıq. Əminəm ki, Vaşinqtonla rasional şəkildə qarşılıqlı əlaqə qura biləcəyik”, - deyə Avropa İttifaqı Şurasının rəhbəri əlavə edib.
Ukraynadakı müharibəyə də toxunan Şarl Mişel Brüsselin Kiyevə yardımı davam etdirəcəyini vurğulayaraq deyib: “Mövqeyimiz aydındır. Biz Ukraynanı gücləndirmək istəyirik, çünki onun güclənməsi Avropa İttifaqının güclənməsi deməkdir”.
Xatırladaq ki, Brüssel tərəfindən Rusiyaya qarşı mübarizə vasitəsi kimi təsis olunan Avropa Siyasi Birliyinin ilk sammiti 2022-ci ilin oktyabrında 44 ölkənin iştirakı ilə Praqada baş tutub.

Dünya 2024-11-07 15:48:00