×
A
A
A
Sazlamalar

Aİ liderləri Gürcüstana təzyiq göstərirlər

Budapeşt, 7 noyabr, AZƏRTAC

Hazırda Budapeştdə səfərdə olan “Veymar üçbucağı” adlanan qrupa daxil olan ölkələrin liderləri – Fransa prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts və Polşanın Baş naziri Donald Tusk Gürcüstandakı mövcud siyasi vəziyyətlə bağlı birgə bəyanat yayıblar. Onlar bununla Cənubi Qafqaz dövlətinə təzyiq göstərməyə çalışıblar.
AZƏRTAC xəbər verir ki, bu üç siyasətçinin adından Tbilisiyə qarşı yönələn təhdid mesajında deyilir: “Gürcüstan hazırkı kursunu dəyişməyənə və nəzərəçarpacaq islahatlara, xüsusən də Avropa dəyərlərinə və prinsiplərinə zidd olan bu yaxınlarda qəbul edilmiş qanunvericiliyi geri götürməyə çalışmayana qədər biz Aİ-yə üzvlük danışıqlarının başlanmasını dəstəkləyə bilməyəcəyik”.
Eyni zamanda, bu gün, noyabrın 7-də Aİ-nin doqquz ölkəsinin parlament komitələri Gürcüstandakı seçkilərlə bağlı beynəlxalq təhqiqatın aparılmasını və “saxtakarlıq”da ittiham olunan siyasətçi və məmurlara qarşı sanksiyaların tətbiq edilməsini tələb edən bəyanat yayıb.
Belə görünür ki, gürcü xalqının öz iradəsini sərbəst ifadə etməsi nəticəsində “burnu ovulan” Avropa Birliyi bu azadlıqsevər dövlətə qarşı şər-böhtan kampaniyasına başlamaq üçün “B” planına keçib.
Bütün bunlar Azərbaycan xalqına necə də tanışdır!


Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Dünya 2024-11-07 15:48:00