Milli Məclisin plenar iclasında 16 məsələ müzakirə olunub YENİLƏNİB
Bakı, 7 noyabr, AZƏRTAC
Noyabrın 7-də Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Zəfər Günü barədə danışıb, şanlı Qələbənin tarixinə qısa nəzər salıb, azad olunmuş ərazilərimizdə aparılan abadlıq-quruculuq işlərindən bəhs edib.
Sonra cari məsələlər müzakirə edilib. Müzakirələrə qatılan deputatlar aktual məsələlər barədə fikirlərini bölüşüblər.
Deputatlar xalqımızın tarixində əlamətdar hadisələrdən olan, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Qələbə, 8 Noyabr – Zəfər Günü münasibətilə təbriklərini çatdırıblar.
Onlar İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı möhtəşəm Qələbənin nəinki müasir tariximizin, bütövlükdə ölkəmizin çoxəsrlik tarixinin ən parlaq səhifələrindən biri olduğunu vurğulayıblar.
Parlamentin sədri Sahibə Qafarova Zəfər Günü ərəfəsində Milli Məclisin bir qrup üzvünün “Xarıbülbül zirvəsi”nə yürüş etdiyini diqqətə çatdırıb.
Sonra iclasın gündəliyinə daxil olan 16 məsələnin müzakirəsi keçirilib. İlk 2 məsələ Milli Məclisin qərar layihələri olub.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında məsələ barədə məlumat verib.
O bildirib ki, Prezident tərəfindən Toğrul Nəcəfəli oğlu Əliyevin, Gülər Azər qızı Paşayevanın, Əli İsmayıl oğlu Əhmədovun və Vüsal Cahangir oğlu Xəlilovun Mərkəzi Bankın İdarə Heyətinin üzvləri təyin edilməsi ilə bağlı təqdimat daxil olub.
Məsələ ətrafında aparılan müzakirələrdə bank sistemində mövcud vəziyyətlə bağlı bəzi qeyd və təkliflər açıqlanıb.
Komitə sədri çıxışlara münasibət bildirdikdən sonra Milli Məclisin qərar layihəsi qəbul edilib.
Sonra komitə sədri Azər Əmiraslanov R.T.Orucovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsindən azad edilməsi haqqında məsələni nəzərə çatdırıb. O bildirib ki, komitə iclasında Rəşad Təmraz oğlu Orucovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsindən azad edilməsi ilə bağlı ölkə Prezidentinin təqdimatı nəzərə alınıb və məqsədəuyğun hesab edilib.
Milli Məclisin bu qərar layihəsi də səsə qoyularaq qəbul olunub.
Sonra üçüncü oxunuşda olan 6 məsələ müzakirə edilib.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Torpaq icarəsi haqqında” Qanunda, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Mülki Prosessual Məcəllədə, Azər Əmiraslanov “Kredit büroları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat veriblər.
Qanun layihələri səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Növbəti 6 məsələ isə ikinci oxunuşda olan qanun layihələri olub.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsini təqdim edib. Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib.
Komitə sədri müzakirələrdə səsləndirilən bəzi fikirlərə aydınlıq gətirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
S.Qafarova gündəliyin növbəti iki məsələsinin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu deyib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdim edib. Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev isə “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib.
Gündəliyin növbəti məsələsi olan “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov təqdim edib.
Daha sonra Arzu Nağıyev Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) müzakirəyə təqdim edib.
Qanun layihələri səsə qoyularaq qəbul olunub.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin son iki məsələsinin birinci oxunuşda təqdim edilən qanun layihələri olduğunu diqqətə çatdırıb. Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini Kamal Cəfərov diqqətə çatdırıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsini üzvü Bəhruz Məhərrəmov isə sonuncu məsələ – “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin mahiyyəti barədə danışıb.
Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
YAP və AK Parti sədrlərinin müavinləri arasında görüş keçirilib
Ceyhun Bayramov Andorra Knyazlığının xarici işlər naziri ilə görüşüb