Maksim Medvedev: Norveç klubu “Qarabağ”la matçda öz oyun üslubundan kənara çıxmalı olacaq
Bakı, 6 noyabr, AZƏRTAC
“Bütün oyunlarda şansları bərabər hesab edirəm”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Maksim Medvedev keçmiş komandasının UEFA Avropa Liqasının əsas mərhələsinin IV turunda səfərdə Norveçin “Budyo-Qlimt” klubuna qarşı keçirəcəyi oyun barədə danışarkən deyib.
O, matçın çətin keçəcəyini bildirib: “Həm uzun səfər, həm də süni meydança amili futbolçulara çətinlik yaradacaq. Bundan başqa, Julio Romaonun olmaması “Qarabağ” üçün ciddi itkidir. Meydanı yaxşı oxuya bilən oyunçunun Norveç səfərində komandaya kömək etməməsi təsirsiz ötüşməyəcək. Onu əvəzləyəcək oyunçular isə fərqli tərzdə çıxış edirlər. Rəqibin oyun üslubu “Qarabağ”ı maraqlandırmamalıdır. Komandamız öz oyununu göstərməlidir. “Qarabağ” Avropa arenasında yaxşı təcrübəyə malikdir, öz oyun üslubundan kənara çıxmır. Bütün görüşlərdə dominant futbol sərgiləməyə çalışır. Düşünürəm ki, bizdən fərqli olaraq, “Budyo-Qlimt” öz oyun üslubundan kənara çıxacaq. Çünki bilirlər ki, Azərbaycan təmsilçisinə şans veriləcəyi halda hər şey onların əleyhinə cərəyan edəcək. Həmçinin rəqib doğma meydanda oynayacağı üçün xallar qazanmağa çalışacaq ki, bu da əlavə təzyiq yaradacaq”.
Azərbaycan çempionunun Avropa Liqasının əsas mərhələsində daha əvvəl keçirdiyi üç oyundan da söz açan veteran müdafiəçi uğursuz nəticələrə baxmayaraq, sabiq komandasının layiqli mübarizə apardığını söyləyib: “Tottenhem”lə İngiltərədə keçirilmiş matçda yaxşı şanslarımız oldu. Hətta rəqib qırmızı vərəqə aldıqdan sonra xal qazanmaq ümidlərimiz yaranmışdı. Ümumi baxsaq, həmin görüşdə məğlubiyyətə bir çox səbəb göstərmək olar. Lakin indi onları müzakirəyə çıxarmağın mənası yoxdur. Sadəcə, səhvlərdən dərs çıxarmaq lazımdır. İkinci turda doğma meydanda qarşılaşdığımız “Malmö” komandası daha aktiv mübarizə apardı. “Ayaks”la görüşdəki qırmızı vərəqə isə matçın taleyini dəyişdi. Çünki həmin oyuna yaxşı başlamışdıq”.
M.Medvedev “Qarabağ”ın pley-off şanslarının davam etdiyini bildirib: “Bu mövsümkü çıxış onu göstərir ki, komanda qarşıdakı beş qarşılaşmada azərbaycanlı futbol azarkeşlərini sevindirə bilər. Nəticədən asılı olmayaraq, bu klubu dəstəkləməyə davam etmək lazımdır”.
Qeyd edək ki, noyabrın 7-də “Aspmüra” stadionunda keçiriləcək “Budyo-Qlimt” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Superliqa: "Trabzonspor" xal itirib
İtaliya A Seriyası: "İnter" doğma meydanda üç xala sevinib