×
A
A
A
Sazlamalar

Komitə sədri: Dini liderlərin Bakı Sammitinin dünyaya verəcəyi mesaj mühüm əhəmiyyətə malik olacaq

Bakı, 5 noyabr, AZƏRTAC

Dini liderlərin qlobal Bakı sammitinin dünyaya verəcəyi mesaj gələcək təhlükələri dəf etmək üçün son dərəcə mühüm əhəmiyyətə malik olacaq. Bu mesajın bir hissəsi beynəlxalq münasibətlər sisteminin subyektlərinə çağırış ola bilər. Çünki qlobal istiləşmənin fəsadlarını azaltmaq üçün dövlətlərin və beynəlxalq təşkilatların daha gərgin fəaliyyət göstərməsinə ehtiyac var.
Dini liderlərin sammiti inanclı insanlara tanrının yaratdıqlarını qorumağın vacibliyini bir daha xatırladacaq. Harada yaşamağımızdan, dini əqidəmizdən asılı olmayaraq özümüzün və övladlarımızın gələcəyini qorumaq üçün hər kəsi qlobal iqlim dəyişiklikləri ilə mübarizədə iştiraka dəvət edəcək. Dini liderlər həm də dini, etnik və sosial mənsubiyyətinə fərq qoymadan insanlara çağırış edəcək. Biz həqiqətən real təhlükənin astanasındayıq. Məsuliyyəti bölüşmək - qlobal çağırışların öhdəsindən gəlmək üçün ən yaxşı mübarizə üsulumuz, ən effektiv alətimiz ola bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Dünya dini liderlərinin qlobal Bakı Sammitində söyləyib.
O qeyd edib ki, Azərbaycan 30 il ərzində ədalətsizliyin qurbanı olub. Ekosidə məruz qalan böyük bir ərazisini işğaldan azad etməklə fəlakətdən qurtarıb. İndi bu torpaqlarda “ağıllı şəhərlər”, “ağıllı kəndlər” inşa edilir, yaşıl enerji zonası yaradılır. Biz Qarabağı işğaldan azad etməklə həm də qlobal iqlim dəyişiklikləri ilə mübarizəyə töhfə veririk. Çünki qlobal istiləşmənin nələrə səbəb ola biləcəyinin fərqindəyik.
“Ümid edirik ki, bu sammit COP29 ərəfəsində bəşəriyyətə təbiəti xilas etmək üçün hərəkətə keçməyin vaxtının çatdığını bir daha xatırladacaq. İnanırıq ki, müxtəlif dinlərin mənsublarının sülh və əmin-amanlıq içərisində yaşadığı, multikulturalizmin həyat tərzi kimi qəbul edildiyi Azərbaycanda dini liderlərin qlobal iqlim dəyişikliyi ilə bağlı mübarizəyə dair çağırışları xüsusi məna kəsb edəcəkdir. Bu platforma yalnız təcrübə mübadiləsi, ideya və təkliflərin müzakirəsi baxımından deyil, həm də dünyanın gələcəyi haqqında düşüncə və təsəvvürlərin öyrənilməsi üçün vacibdir”, - deyə o əlavə edib.

Siyasət 2024-11-05 12:24:00