×
A
A
A
Sazlamalar

Ukraynalı alim: Zəfər Günü Azərbaycan tarixində əlamətdar hadisədir

Kiyev, 5 noyabr, AZƏRTAC

2020-ci il noyabrın 8-i Azərbaycan tarixində çoxdan gözlənilən Qələbənin qazanıldığı, nəhayət ki, 30 ilə yaxın davam edən işğal zəncirlərinin qırıldığı bir məqam oldu. Uğurlu hərbi əməliyyatlar nəticəsində Azərbaycan nəinki düşməni öz doğma torpaqlarından qovdu, hətta öz gücü ilə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni icra etdi.
Bu barədə AZƏRTAC-a hüquq elmləri doktoru, professor, Ukraynanın Əməkdar təhsil işçisi Arif Quliyev məlumat verib.
O qeyd edib ki, İlham Əliyevin prezidentliyinin 20-ci ildönümü ərəfəsində onun müdrik strategiyası və ordunun qətiyyətli fəaliyyəti ölkənin suverenliyini və ərazi bütövlüyünü bərpa edib və bu, xalqa öz doğma yurdlarını geri qaytarmaq imkanı verib.
Azərbaycanın dövlət başçısının “nida işarəsi” ilə bağlı bəyanatını xatırladan professor deyib: “Xəritədə nida işarəsi. Hərbi strategiya və xalqın birliyi, həmrəylik yolu ilə Qələbəyə doğru. Prezident İlham Əliyev Azərbaycanın hüquqlarını müdafiə edərək ölkənin xəritəsində həlledici nida işarəsi qoyub. Onun “Qarabağ Azərbaycandır!” sözləri mübarizə və birlik simvoluna çevrilib. Qələbə paradında Azərbaycan Himninin və hərbi marşın sədaları altında xalqın yaddaşında əbədi qalacaq ritm səsləndi. Qələbələr Qarabağ uğrunda döyüşlərdə Azərbaycan Prezidentinin, Ali Baş Komandanın müəyyən etdiyi nida işarəsinin qoyulması ritmini təcəssüm etdirəcək! Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın, Şuşa bizimdir! Qarabağ Azərbaycandır!” -deyən ukraynalı professor dövlət başçısının sözlərini xatırladıb.
Onun sözlərinə görə, bu gün Azərbaycanın müstəqilliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənir ki, bu da onun dönməz olduğunu və tarixi əhəmiyyətini təsdiqləyir. Azərbaycan dünyada iqtisadi və siyasi tərəqqi rəmzinə çevrilib. Səmərəli siyasət və beynəlxalq ictimaiyyətlə əməkdaşlıq sayəsində ölkə müxtəlif sahələrdə mühüm irəliləyişlər əldə edib. İqtisadiyyat dünyada ən sürətli inkişaf templərinə malikdir və siyasi sabitlik ölkənin beynəlxalq arenada mövqeyini möhkəmləndirir. Azərbaycan regionun strateji proseslərində mühüm aktora çevrilib.
“Prezidentlə xalqın sıx birliyi Böyük Zəfərin təminatı oldu. Bu, dövlət quruluşunun qüdrətinin, Prezidentlə xalq arasında canlı əlaqənin təzahürünə çevrildi. İlham Əliyev Qələbənin təşkilatçısı və rəmzidir. Azərbaycan xalqı rasional seçim etdi və 1993-cü ildə dövlətin siyasi və sosial inkişafının əsaslarını qoyan Heydər Əliyevi hakimiyyətə çağırdı.
Bu gün Azərbaycan sadəcə bir ölkə deyil, həm də ümid, tərəqqi və müstəqillik rəmzidir. Bu nailiyyətlərlə fəxr edirik və hər bir qələbə bizi yeni nailiyyətlərə ruhlandırır. Müdrik liderliyə, həmrəyliyə və vətənpərvərliyə əsaslanan strategiya bizim qarşımızda yeni imkanlar və perspektivlər açır”, - deyə Ukraynanın Əməkdar təhsil işçisi vurğulayıb.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Siyasət 2024-11-05 12:23:00