Misir Prezidenti: Şəhərlərin inkişafı sülh prosesi ilə sıx bağlıdır
Bakı, 5 noyabr, AZƏRTAC
Yeni Qahirədəki Beynəlxalq Sərgi Mərkəzində Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) çərçivəsində Ümumdünya Urbanizasiya Forumunun (WUF12) 12-ci sessiyası keçirilir.
AZƏRTAC “Əl Əhram” nəşrinə istinadla xəbər verir ki, noyabrın 8-dək davam edəcək Forum “Hər şey evdən başlayır. Yerli dayanıqlı şəhərlər və icmalar üçün tədbirlər” devizi altında keçirilir. Forumda 170-dən çox ölkədən 20 mindən çox nümayəndə, o cümlədən maliyyə institutları, vətəndaş cəmiyyəti, akademik dairələr, biznes ictimaiyyəti və şəhərsalma sektorunun təmsilçiləri iştirak edirlər. İştirakçılar 500-dən çox sessiya və seminarda iştirak edəcək, müxtəlif şəhərsalma məsələləri ilə bağlı fikir mübadiləsi aparırlar.
Tədbirin açılışında Misir Prezidenti Əbdülfəttah əs-Sisi, BMT Baş katibinin müavini, UN-Habitat proqramının icraçı direktoru Anaklaudiya Rossbax, BMT Ətraf Mühit Proqramının (UNEP) icraçı direktorunun müavini Elizabet Maruma Mrema çıxış ediblər. BMT-nin Baş katibi Antoni Quterreşin Forum iştirakçılarına müraciəti yayımlanıb.
Misir Prezidenti açılış nitqində bildirib ki, şəhərlərin inkişafı sülh prosesi ilə sıx bağlıdır. O, WUF12-nin dünyanın ardıcıl qlobal böhranlarla, o cümlədən dağıdıcı müharibələrin şəhərlər, şəhər icmaları və əhalinin bütün təbəqələri üçün fəlakətli nəticələri ilə mübarizə apardığı kritik bir zamanda keçirildiyini qeyd edib. Eyni zamanda, Misirin dövlət başçısı sülhün bərqərar olması, münaqişələrə son qoyulması, inkişafın, şəhərlərin yenidən qurulmasının prioritetləşdirilməsi üçün səylərin səfərbər edilməsinin və bunun üçün siyasi iradənin olmasının zəruriliyini vurğulayıb. “Yalnız bundan sonra biz müharibələr, miqrasiyalar, aclıq və xəstəliklərə məruz qalan cəmiyyətlərdə şəhər problemlərini həll etmək üçün ciddi səylərə başlaya bilərik”, - deyə əs-Sisi bildirib.
Qeyd edək ki, Azərbaycan bu mötəbər tədbirdə şəhərsalma və memarlıq sahəsindəki nailiyyətlərini nümayiş etdirən pavilyonunu təqdim edəcək. Nümayəndə heyətimiz “Daha yaxşı yenidənqurma: Dayanıqlı və dinc şəhərlərin inkişafında Azərbaycanın yolu” mövzusunda dayanıqlı şəhərlərin yaradılması, iqlim təşəbbüslərinin irəli sürülməsi, əməkdaşlığın inkişafı, islahatların həyata keçirilməsi, eləcə də Böyük Qayıdış proqramının innovativ həll yolları ilə bağlı müzakirələr təşkil edəcək.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndə heyəti davamlı şəhər inkişafı, innovasiya və iqlim davamlılığına dair dialoqlara da qatılacaq.
Tədbir çərçivəsində ən son yenilikləri və şəhər problemlərinin həllini nümayiş etdirən “Urban Expo” sərgisi də təşkil olunub. Forumun işi ərəb və beynəlxalq işarə dilləri ilə yanaşı, BMT-nin altı rəsmi dilində - ərəb, ingilis, Çin, rus, fransız və ispanca canlı yayımlanır.
Ümumdünya Urbanizasiya Forumu BMT tərəfindən 2001-ci ildə təsis edilib. İlk tədbir 2002-ci ildə Keniyanın Nayrobi şəhərində keçirilib. O vaxtdan bəri WUF dünyanın müxtəlif şəhərlərində iki ildən bir təşkil olunur. Forum iqlim sammitindən (COP) sonra BMT-nin ikinci ən əhəmiyyətli tədbiri kimi tanınır.
BMT: Köçkünlük milli-mədəni identikliyin pozulmasına səbəb olur
Üç ağac növündən biri nəsli kəsilmək təhlükəsi altındadır - TƏDQİQAT
Yuxuda ünsiyyət qurmaq mümkün olacaq - YENİ KƏŞF
Cənubi Koreya Prezidenti fövqəladə hərbi vəziyyətə görə xalqdan üzr istəyib
Avropa İttifaqı ilə MERCOSUR ölkələri arasında azad ticarət sazişi imzalanıb