Türkiyəli ekspert: Qlobal temperatur artımı əsrin sonunda 3 dərəcə Selsiyə çata bilər
Ankara, 2 noyabr, AZƏRTAC
Əgər dövlətlər Paris Sazişinə uyğun olaraq öz iqlim öhdəliklərinə məhəl qoymasalar, qlobal temperatur artımı əsrin sonuna qədər həyəcanverici 3 dərəcə Selsiyə çata bilər ki, bu da Yer kürəsini yaşayış üçün daha əlverişsiz edər.
AZƏRTAC xəbər verir ki, bu qiymətləndirməni iqlim dəyişikliyi üzrə türkiyəli ekspert Ümit Şahin jurnalistlərlə bölüşüb. O, qlobal istiləşmənin 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırılması ilə bağlı qlobal razılaşmanı xatırladıb və qeyd edib ki, Kioto Protokolundan fərqli olaraq, Paris Sazişində atmosferə istixana qazı emissiyalarının azaldılmasına dair aydın öhdəliklər yoxdur.
Şahinin sözlərinə görə, bu baxımdan BMT-nin vaxtaşırı məlumat verdiyi Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) ölkələr tərəfindən həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Türkiyəli ekspert BMT İqlim Katibliyinin son hesabatının məzmununa diqqət çəkib. Bu sənədə görə, milli iqlim hədəfləri “lazım olandan son dərəcə uzaqdır”.
“BMT-nin hesabatı digər məsələlərlə yanaşı, 2030-cu ilə qədər proqnozlaşdırılan istixana qazları emissiyalarına cari milli iqlim planlarının məcmu təsirini də təxmin edir. Mövcud planların tam şəkildə həyata keçiriləcəyi təqdirdə 2030-cu ildə 51,5 giqaton CO2e emissiyası olacağı vurğulanır ki, bu da 2019-cu illə müqayisədə cəmi 2,6 faiz azdır”, - deyə o əlavə edib. Ekspert bildirib ki, belə həcmdə istixana qazları ilə çirklənmə istisnasız olaraq bütün ölkələr üçün humanitar və iqtisadi fəlakətlərə zəmanət verir.
Şahinin sözlərinə görə, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (IPCC) belə qənaətə gəlib ki, planetin istixana qazları emissiyaları 2019-cu il səviyyələri ilə müqayisədə 2030-cu ilə qədər 43 faiz, 2035-ci ilə qədər isə 60 faiz azalmalıdır. “İqlim fəlakətləri sürətlə pisləşdiyinə görə, bu əsrdə qlobal orta temperaturun Selsi üzrə bir yarım dərəcə artımını məhdudlaşdırmaq son dərəcə vacibdir”, -deyə türkiyəli ekspert vurğulayıb.
O, ölkələrin NDC-lərinin Paris Konfransının məqsədləri nəzərə alınmaqla vaxtaşırı (hər beş ildən bir) yenilənməsinin zəruriliyini qeyd edib: “Hələ 2025-ci ilə qədər bütün dövlətlər 2035-ci ilədək yeni Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri təqdim edəcəklər. Bu məhdudiyyətlər üçün hədəflər mümkün qədər yüksək olmalıdır. Bu, xüsusən ümumi atmosfer emissiyalarının 77 faizini təşkil edən G20 ölkələri üçün lazımdır”.
Şahin xatırladıb ki, alimlərin hesablamalarına görə, Yer kürəsində qlobal temperaturun sonuncu dəfə 3 dərəcə artması 10 milyon il əvvəl baş verib. “Əgər indi atmosferə atılan tullantıların həcmi 3-5 dəfə azalmasa, yaxın 15-20 ildə qlobal temperatur artaraq 2 dərəcə Selsiyə çatacaq. Bəşəriyyət “sürreal” dünyaya doğru yuvarlanır”, -deyə Şahin hesab edir.
Türkiyəli ekspert çıxışının sonunda ölkənin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqladığı Türkiyənin ekoloji hədəflərinə diqqət çəkib: “Ölkəmiz 2035-ci ilə qədər günəş və külək elektrik stansiyalarının gücünü dörd dəfə artırmağı öhdəsinə götürüb. Bu, iddialı hədəfdir. Lakin bu öhdəlik də Ankaraya respublikanın NDC-də bəyan edilmiş atmosferə atılan tullantıları 30 faiz azaltmağa imkan verməyəcək. Bu baxımdan Türkiyədə kömür istehlakının azaldılması xüsusi əhəmiyyət kəsb edir”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Zelenski Ukraynanın müharibədəki itkilərini açıqlayıb
Hakan Fidan: Türkiyə Suriyanın milli birliyinə, suverenliyinə və ərazi bütövlüyünə böyük önəm verir
“TRT Haber”: Mənbic PKK/YPG terrorçularından təmizlənir
Günəşdə iki böyük partlayış baş verib
“Milli Gazete”: Ermənistan və Yunanıstan Türkiyəyə qarşı düşmənçilik kursunu davam etdirir