×
A
A
A
Sazlamalar

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Bakı, 31 oktyabr, AZƏRTAC

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
AZƏRTAC hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.

31 oktyabr - müharibənin 35-ci günü

• Döyüş əməliyyatları əsasən Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Qoşunlarımızın müdafiə xəttinə yaxınlaşmağa cəhd göstərən Ermənistanın xüsusi təyinatlılardan ibarət kəşfiyyat-diversiya qrupunun fəaliyyətinin qarşısı qətiyyətlə alınıb. Onları daşıyan avtomobil texnikası da şəxsi heyətlə birlikdə məhv edilib. Bundan başqa, cəbhənin digər istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 5 ədəd yaylım atəşli reaktiv sistemi, beş tankı, piyadaların üç döyüş maşını, 15 müxtəlif tipli artilleriya topu, bir “Osa” zenit raket kompleksi, bir radioelektron mübarizə stansiyası, üç avtomobil texnikası sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

• Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibə verib.

• Qubadlını artilleriya atəşinə tutan düşmənə cavab zərbələri endirilib.

• Ermənistan ordusunun döyüş texnikası və xeyli sayda canlı qüvvəsi, kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb.

• Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 31-i saat 13:00-dək 91 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb, 2465 ev, 97 çoxmənzilli yaşayış binası və 455 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

• Ağcabədi rayonunun İmamqulubəyli kənd qəbiristanlığı Ermənistan ordusunun ağır artilleriya atəşinə məruz qalıb .

• ANAMA: Cəbhəyanı bölgədə döyüş başlıqları, top mərmisi və bombacıq aşkarlanıb.

 

 

Siyasət 2024-10-31 12:00:00