Britaniya parlamentinin Lordlar Palatasında COP29-a dəstək ifadə edilib
London, 15 oktyabr, AZƏRTAC
Böyük Britaniya parlamentinin Lordlar Palatasında 4-cü Qlobal Enerji Həftəsinin açılış tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Lordlar Palatasının üzvləri, beynəlxalq, eləcə də Britaniyaya məxsus enerji şirkətlərinin nümayəndələri və diplomatik korpus üzvlərinin iştirak etdiyi tədbirdə təşkilatçıların dəvəti əsasında Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov da iştirak edib.
Alternativ enerji, hidrogen resursları, enerji keçidi və enerji təhlükəsizliyi kimi mövzuların müzakirə edildiyi tədbir müddətində iqlim fəaliyyətinin irəli aparılmasında COP29-un əhəmiyyəti dəfələrlə vurğulanıb. Tədbirin açılış mərasimində çıxış edən Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya məsələləri üzrə dövlət naziri Lord Hunt Britaniyada yenicə hakimiyyətə gələn Leyborist hökumətinin yaşıl keçid məsələsini siyasi kursun mərkəzinə qoyduğunu diqqətə çatdırıb. Azərbaycanda keçiriləcək COP29-un vacib əhəmiyyətinə toxunan britaniyalı nazir ölkəsinin bu xüsusda Azərbaycanla yaxından əməkdaşlıq etməsini və COP29-un uğurla nəticələnməsi üçün Azərbaycana hər bir dəstəyi verməyə hazır olduğunu məmnunluqla vurğulayıb.
Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord David Evans iqlim dəyişikliyi və yaşıl keçid məsələsinin önəmi barədə danışarkən COP29-a ev sahibliyi etməklə beynəlxalq iqlim danışıqlarına şərait yaratmaq kimi məsuliyyətli işi öhdəsinə götürdüyünə görə Azərbaycana təşəkkür edib. O, COP29-un Bakı şəhərində uğurla təşkil ediləcəyinə əminliyini ifadə edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
ADY yaşıl dünya naminə kütləvi iməcilik keçirib
“Zəfər Günü - milli qürur və şərəf tariximiz” mövzusunda elmi-praktik konfrans keçirilib
“Zəfər körpüsü” layihəsi: I və II Qarabağ müharibəsi şəhidlərinin övladları bir araya gətirilib