×
A
A
A
Sazlamalar

Aİ və Qazaxıstan Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığı genişləndirir

Astana, 15 oktyabr, AZƏRTAC

Avropa tərəfi Aİ-nin “Qlobal Gateway” strategiyası çərçivəsində təcrübə və investisiya cəlb etməklə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TITR) inkişafına yüksək marağını təsdiqləyir.
AZƏRTAC Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası - Avropa İttifaqı Əməkdaşlıq Şurasının 21-ci iclasında bildirilib.
Tərəflər bu nəqliyyat dəhlizinin Asiya və Avropa bazarları arasında logistika, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi perspektivlərini xüsusi qeyd ediblər.
Bu kontekstdə nümayəndə heyətləri TITR-in İnkişafı üzrə Koordinasiya Platformasının işə salınmasını alqışlayıb və konkret layihələrin həyata keçirilməsinin mümkün qədər tez başlaması üçün səylərin birləşdirilməsinin vacibliyini qeyd ediblər.
Qeyd edək ki, iclasda Qazaxıstan nümayəndə heyətinə Baş nazirin müavini - xarici işlər naziri Murat Nurtleu başçılıq edib.
Danışıqlarda Avropa nümayəndə heyətini Aİ Şurasına sədrlik edən Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto təmsil edib.
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin və Avropa ölkələrini birləşdirir.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

İqtisadiyyat 2024-10-15 17:42:00