Göyçayın xurma bağlarında yayılmış xəstəlik məhsuldarlığa təsir edibmi? FOTO
Göyçay, 15 oktyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Payız-qış mövsümündə Göyçay sakinlərinin əsas gəlir sahələrindən biri də xurmaçılıqdır. Bu il bəzi bağlarda xəstəlik aşkar edilsə də, məhsuldarlıq və qiymətlər qənaətbəxşdir.
AZƏRTAC xəbər verir ki, Göyçayın Kürdəmiş kənd sakini 65 yaşlı Atakişi Əliyev uzun illərdir bağında xurma yetişdirməklə ailəsini dolandırır. Hər il meyvə satışından xeyli gəlir əldə edən müsahibimiz deyir ki, xurma bağı həm də ailəsinin yeganə gəlir mənbəyidir. Bu il bağda xəstəliyin olması məhsuldarlığı bir qədər aşağı salsa da, qiymətlərdən razıdır. Təsərrüfat sahibi bağında yetişdirdiyi məhsulun 80 faizini satdığını söyləyir.
Onun sözlərinə görə, ilin bütün fəsillərində bağa lazımi aqrotexniki qulluq göstərsə də, ağacları xəstəlikdən xilas edə bilməyib. Bəzi sakinlər iddia edirlər ki, buna da səbəb bitki apteklərindən aldıqları dərmanların kifayət qədər təsiredici olmamasıdır.
Dərman satışı ilə məşğul olan satıcıların da fikrini öyrəndik. Bildirdilər ki, problemin kökü mütəxəssis rəyi olmadan dərmanlardan istifadə edilməsindədir. Kor-koranə istifadə edildikdə preparatların səmərəsi də olmur. Satıcılar deyirlər ki, mütəxəssis, aqronom bağa baxmalı, problemin nədən qaynaqlandığını tapıb, diaqnoz qoymalıdır. Sonra onun rəyi ilə dərman alınmalıdır. Amma çox vaxt fermerlər mütəxəssis rəyi olmadan dərmanları alırlar və bunun da nəticəsi olmur. Dərmanın dozasını mütəxəssis müəyyən etməlidir ki, həmin preparat bitkini sağaltsın.
Məsələdən Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası da xəbərdardır. Qurumun idarə heyətinin sədri Qadir Yusifov bildirib ki, bəzi bağlarda olan xəstəlik kütləvi xarakter daşmır və bu, məhsuldarlığa da mənfi təsir göstərməyib. “Hər zaman toplantılarda fermerlərə izah edirik ki, xurma bağlarından əldə etdiyiniz pulun 10-15 faizini elə bağa xərcləmək lazımdır. Zərərvericilərə qarşı mübarizə düzgün aparılsa, vaxtlı-vaxtında suvarılsa, bir sözlə, düzgün aqrotexniki qulluq edilsə, bağlarda hansısa xəstəlikdən söhbət gedə bilməz. Amma bunu etməyəndə bağa xəstəlik düşür, məhsuldarlıq azalır. Fermerlər bizə müraciət etsinlər, Assosiasiyamıza üzv olsunlar, onlara xidmət edək, köməklik göstərək. Hazırda Göyçay da daxil olmaqla, ölkənin digər rayonlarında becərilən tonlarla xurma meyvəsi yerli bazarlarla bərabər, Rusiya, Ukrayna, Belarus, Türkiyə və ərəb ölkələrinə ixrac edilir”, - deyə Qadir Yusifov əlavə edib.
Məsələ ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyindən də münasibət bildiriblər. Qeyd olunub ki, son dövrlər respublikanın müxtəlif rayonlarında Şərq xurması bağlarında müşahidə edilən yarpaqlarda tünd rəngli ləkələrin əmələ gəlməsinin, kütləvi şəkildə yarpaq və meyvələrin tökülməsi hallarının səbəbini araşdırmaq məqsədilə Agentliyin Mərkəzi Aran regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən müxtəlif bağlara yerində baxış keçirilib və sirayətlənmə əlamətləri olan yarpaqlı budaq və meyvə nümunələri laboratoriyada müayinə edilib. Bu nümunələrdə “Fusarium” cinsinə aid göbələk xəstəliyinin olduğu müəyyənləşib. Sözügedən xəstəliyin inkişafında rütubət amili xüsusi rol oynayır. Cari ildə havaların yağışlı keçməsi də xəstəliyin kütləviliyinə və geniş ərazilərdə artmasına əlverişli şərait yaradıb.
Xəstəliyə qarşı ən səmərəli mübarizə aqrotexniki və kimyəvi olmaqla, kompleks şəkildə qabaqlayıcı tədbirlərin görülməsidir. Törədicinin ləğv edilməsi üçün il ərzində bağda yerə tökülmüş yarpaq və meyvələr toplanmalı, habelə sirayətlənmə əlamətləri olan budaqlar kəsilərək yandırılmalıdır. Payızda cərgə araları və bitkilərin kök ətrafı şumlanmalı, ağacların sıx budaqları seyrəldilməlidir. Erkən yazda yarpaqlar açılana qədər və ya yarpaqların açılmasının başlanğıcında 3-4 faizli “Bordo” məhlulu tətbiq edilməli, vegetasiya dövründə isə əlamətlərin intensivliyindən asılı olaraq tətbiq və təhlükəsizlik qaydalarına əməl edilməklə müvafiq funqisidlərlə (göbələk əleyhinə preparat) çiləmə aparılmalıdır.
Hazırda Kürdəmiş kəndi ilə bərabər, rayonunun Qızılağac, Potu və bir neçə kəndini əhatə edən xurma bağlarında yığım prosesi davam edir. Havanın yağmurlu keçməsini nəzərə alan kəndlilər məhsulun vaxtında və itkisiz yığılması üçün bütün qüvvələri səfərbər ediblər. Rayonda mövcud olan 2149 hektar bar verən xurma bağından tonlarla məhsul əldə olunub. Kəndlilər məhsulu müştərilərə elə öz həyətlərində satırlar.
Bununla yanaşı, iş adamları rayon sakinlərindən aldıqları xurmanın bir hissəsini qış aylarına saxlamaq üçün Potu kəndində tutumu 700 ton və Ərəbcəbirli kəndində tutumu 1000 ton olan soyuducu anbarlara yerləşdirirlər .
Qeyd edək ki, göyçaylı fermerlər son illər rayonda xurma bağlarını xeyli genişləndiriblər. Cari ilin yazında rayonda yeni xurma bağları salınıb. Hazırda isə kəndlərdə yeni bağın salınması üçün işlər görülür. Mütəxəssislər rayonda bu sahənin sürətlə inkişafının səbəbini məhsulun yerli və xarici bazarlara çıxarılmasına lazımi şəraitin yaradılması və meyvənin saxlanılması üçün Göyçayda soyuducu anbar komplekslərinin fəaliyyət göstərməsi ilə əlaqələndirirlər.
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
Naxçıvanda Şəhidlər bağı salınıb
Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb