×
A
A
A
Sazlamalar

Berlin Qərbi Balkan ölkələrinin Aİ-yə üzvlüyünə dair növbəti Zirvə toplantısına ev sahibliyi edib

Berlin, 15 oktyabr, AZƏRTAC

Qərbi Balkan regionunun altı ölkəsinin - Serbiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya və Kosovanın Avropa İttifaqına (Aİ) üzvlük prosesində Aİ-nin norma, standart və mexanizmlərinə uyğunlaşdırılmasını nəzərdə tutan "Berlin prosesi" çərçivəsində oktyabrın 14-də Almaniya paytaxtında Zirvə toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, Zirvə toplantısında Almaniyanın Kansleri Olaf Şolts, Avropa Komissiyasının prezidenti xanım Ursula fon der Lyayen, prosesdə iştirak edən altı Balkan ölkəsinin dövlət və hökumət başçıları iştirak ediblər.
Sammitdə 20 ildən artıqdır Aİ üzvü olmağı gözləyən altı ölkənin İttifaqın sıralarına daxil olması yolunda bir sıra mühüm qərarlar qəbul edilib. Belə ki, tədbirdə ortaq regional bazarla bağlı fəaliyyət planı, ali təhsilə çıxış imkanlarına dair yeni saziş imzalanıb. Fəaliyyət planı altı ölkənin ümumilikdə 17 milyon nəfərlik əhalisinin rifahının yaxşılaşdırılmasını nəzərdə tutur.

Kansler Olaf Şolts Zirvə toplantısındakı çıxışında tədbirdə Avropa ailəsinin bir hissəsi olan Qərbi Balkan ölkələrinin əhalisinin həyatını asanlaşdıran mühüm irəliləyişlərin əldə olunmasına baxmayaraq, əvvəlki anlaşmazlıqların əməkdaşlığı hələ də çətinləşdirdiyini bildirib. Buna rəğmən Kansler altı ölkənin Aİ üzvlü olmasının on ildən çox çəkməyəcəyinə ümid etdiyini diqqətə çatdırıb.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen əvvəlki genişləmə prosesindən alınan dərslərin dərindən nəzərdən keçirildiyini deyib. O, üzvlük prosesində demokratiya və qanunun aliliyini təmin olunması ilə yanaşı, Aİ dəyərlərinin, iqtisadi inteqrasiyanın və əməkdaşlığın vacibliyini qeyd edib.

Qeyd edək ki, altı ölkənin Aİ üzvlüyünə qəbul olunmasına dair 2003-cü ildə vəd verilsə də, bu ölkələr prosesin müxtəlif mərhələlərindədir. Xüsusilə Ukrayna və Moldovanın rekord sayıla biləcək qısa müddətdə namizəd ölkə statusuna gətirilməsi Qərbi Balkan ölkələrində birmənalı qarşılanmır. Regionda etnik zəmində hələ də davam edən bəzi anlaşmazlıqlar da prosesi çətinləşdirən amillərdəndir. Olaf Şolts məhz bu baxımdan Serbiya ilə Kosovo arasında normallaşma prosesinə dair dialoqun qənaətbəxş səviyyədə olmadığını xüsusi vurğulayaraq, hər iki ölkənin götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirilməsinin vacibliyini təkidlə qeyd edib.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2024-10-15 01:06:00