Prezident İlham Əliyev Benin Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Benin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Akambi Andre Okunlola-Biaunun etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ikitərəfli gündəliyimizin genişləndirilməsinin zəruriliyini qeyd edərək Azərbaycanın Afrika qitəsində fəal iş apardığını, Afrika İttifaqında səfirliyimizin fəaliyyət göstərdiyini, bu təşkilatla əlaqələrimizi hərtərəfli şəkildə genişləndirməkdə maraqlı olduğumuzu dedi. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə də Beninlə əməkdaşlığı məmnunluqla xatırladı, Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyinə göstərdiyi dəstəyə görə Beninin üzv dövlət kimi rolunu qeyd etdi. Bu Hərəkata sədrliyimizin Afrika ölkələri ilə də sıx təmaslar qurmaq üçün yaxşı imkan yaratdığını deyən dövlətimizin başçısı COP29-un da bu ölkələrlə əməkdaşlıq baxımından önəminə toxundu. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan Afrika ölkələrinin iqlim məsələləri ilə bağlı maraqlarına önəm verir.
Dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadi-ticari, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivlərinə toxundu.
Xoş sözlərə görə minnətdarlığını bildirən səfir Benin Respublikasının Prezidenti Patris Talonun salamlarını Azərbaycan Prezidentinə çatdırdı və dedi ki, Benin Prezidenti dövlətimizin başçısına dost münasibət bəsləyir.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Benin Prezidentinə çatdırmağı xahiş etdi və məmnuniyyətlə COP29-da Benin dövlətinin başçısını gözlədiyini bildirdi.
COP29 və ölkəmizdə bu tədbirlə bağlı uğurlu hazırlıq işlərinin aparılması münasibətilə təbriklərini çatdıran səfir Azərbaycanın noyabrda dünyanın mərkəzinə çevriləcəyini qeyd etdi və COP29-da Beninin yüksək səviyyədə təmsil olunmaq niyyətində olduğunu vurğuladı.
Akambi Andre Okunlola-Biau Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyi münasibətilə təbriklərini çatdıraraq, ölkəmizin sədrliyi dövründə Afrika qitəsinə xüsusi diqqət göstərilməsini məmnunluqla qeyd etdi.
Söhbət zamanı beynəlxalq təşkilatlar, xüsusən də BMT, Qoşulmama Hərəkatı və digər təsisatlar çərçivəsində Azərbaycanla Benin arasında yaxından əməkdaşlığın aparıldığı vurğulandı, ölkələrimizin BMT-də və onun strukturlarında daim bir-birinin namizədliklərini dəstəklədikləri qeyd olundu.
Azərbaycanın Afrika ölkələri üçün ayırdığı təhsil təqaüdü proqramı çərçivəsində ötən il Benindən də beş tələbənin respublikamızda təhsil aldığını məmnunluqla qeyd edən səfir buna görə təşəkkürünü bildirdi.
Görüşdə Benindən müxtəlif kadrların Azərbaycanda hazırlanması, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Qvineya-Bisau Prezidenti ilə görüşüb YENİLƏNİB VİDEO
Prezident İlham Əliyev Zimbabve Prezidenti ilə görüşüb YENİLƏNİB VİDEO
Prezident İlham Əliyev Surinam Prezidenti ilə görüşüb YENİLƏNİB VİDEO