×
A
A
A
Sazlamalar

Fernandu Santuş: Bir ildən sonra Azərbaycan millisi bütün rəqibləri ilə başabaş mübarizə aparacaq gücdə olacaq VİDEO

Bakı, 13 oktyabr, AZƏRTAC

"Sabahkı matçda xal qazanmaq istəyirik".
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının IV turunda Bakıda Slovakiya seçməsi ilə keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, sabahkı oyunda Bədavi Hüseynovu kapitan olaraq çıxarmağı planlaşdırdığını bildirib: "Çünki onda liderlik xüsusiyyətləri var. Emin Mahmudovu da çox bəyənirəm".
Portuqaliyalı mütəxəssis hücum planında inkişaf etdiklərini söyləyib: "Qol vəziyyətləri yarada bilirik. Bunu davam etdirsək, yaxşı nəticələr qazana bilərik. Estoniya ilə oyunda fasiləyə 2 top üstünlüklə yollanmaq imkanımız var idi. Sadəcə, hazırkı problem çox qol buraxmağımızdır. Müdafiə üzərində daha çox işləməliyik. Çünki bu mövqedə daha intensiv olmalıyıq. Gələcəkdə daha yaxşı olacağıq. Fikrimcə, bir ildən sonra Azərbaycan millisi bütün rəqibləri ilə başabaş mübarizə aparacaq. İndiki məğlubiyyətlər məni, eləcə də azarkeşləri xoşbəxt etmir. Bu ölkəyə futbolu inkişaf etdirmək üçün təşrif buyurmuşam. Bütün məsuliyyəti öz üzərimə götürürəm. Fanatlar da hər zaman bizə dəstək olsunlar".
F. Santuş texniki heyətə azərbaycanlı məşqçi gətirmək istədiklərini deyib: "Bu işi yığmanın idman direktoru İlqar Qurbanova tapşırmışam. Həmin şəxs təkcə Azərbaycan dilində danışmamalıdır. Yerli mütəxəssisin millidə olması futbolçulara fayda verəcək".
Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Slovakiya oyunu saat 20:00-da başlayacaq.

İdman 2024-10-13 16:52:00

Video