Bakıda “INMerge İnnovasiya Sammiti” başa çatıb
Bakı, 12 oktyabr, AZƏRTAC
Bakıda “PAŞA Holdinq”in təşkilatçılığı ilə keçirilən ikigünlük “INMerge İnnovasiya Sammiti” başa çatıb.
AZƏRTAC xəbər verir ki, illik sammit regionun innovasiya ekosisteminin inkişafı, startaplar və investorlar arasında əməkdaşlığın təşviqi, maraqlı tərəflər arasında fikir və təcrübə mübadiləsi üçün platformanın təmin edilməsinə yönəldilib.
Sammitin ikinci günündə “Amazon” şirkətinin vitse-prezidenti və texniki direktoru Verner Fogels, “YouTube” şirkətinin həmtəsisçisi Stiv Çen, “PAŞA Holdinq”in baş direktoru Cəlal Qasımov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva, “Paradox Strategies and InnovationForce” şirkətinin qurucusu Linda Hill, “Avito” şirkətinin keçmiş baş direktoru Vladimir Pravdivıy, Stenford Universitetinin professoru İlya Strebulayev və başqaları çıxış ediblər.
“PAŞA Holdinq”in baş direktoru Cəlal Qasımov bildirib ki, şirkətlər üçün ən böyük risk innovasiyaların olmaması və mövcud status-kvonu saxlamaq istəyidir. O, risklərin idarə edilməsinin və müasir şəraitdə sürətli dəyişikliklərə uyğunlaşmanın vacibliyini qeyd edib.
Azərbaycan Nəqliyyat və Rəqəmsal İnkişaf Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri İnarə Vəliyeva qeyd edib ki, hazırda Azərbaycanda qeyri-hökumət təşkilatlarının “Rəqəmsal sənəd dövriyyəsi” (RSD) sisteminə qoşulması istiqamətində iş aparılır.
İ.Vəliyeva qeyd edib ki, Azərbaycan rəqəmsal sənəd dövriyyəsi sisteminin tətbiqi sayəsində sənədsiz idarəetməyə doğru inamla irəliləyir.
“Verizon” şirkətinin analitika və insayt rəhbəri Ansar Kassim bildirib ki, süni intellekt gələcəkdə yeni sənaye və peşələrin yaradılmasına kömək edir.
“Gələcəkdə bir zamanlar elektrik enerjisinə əsaslanan yeni sənayelər yarandığı kimi, süni intellektə əsaslanan daha çox yeni sənayelər yaranacaq. Bu, çoxlu yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq”, - deyə o, əlavə edib.
“AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov qeyd edib ki, Azərbaycanda hazırlanan süni intellekt strategiyası bu istiqamətin inkişaf yollarını müəyyən edəcək.
E.Əzizov bildirib ki, normativ-hüquqi baza olmadan texnologiyaların inkişafı müəyyən mərhələlərdə ciddi çətinliklərlə üzləşir. Texnologiyaların inkişafı üçün lazımi infrastruktur da təmin edilməlidir, çünki müvafiq infrastruktur olmadan yeni texnologiyaların tətbiqi və istifadəsi çətin olur.
“INMerge İnnovasiya Sammiti” çərçivəsində startapların və tədbirin tərəfdaş şirkətlərinin beynəlxalq sərgisi təqdim olunub. Bəzi stendlər interaktiv oyunlar və xatirə hədiyyələrilə iştirakçıları cəlb edib, robot it isə ziyarətçilərin böyük marağına səbəb olub.
Startaplar sərgisində Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan və digər ölkələrin startapları da təqdim olunub.
AZƏRTAC sammitin informasiya tərəfdaşı qismində çıxış edib.
Lu Mey: Çin ölkəmizin ŞƏT-də hüquqi statusunu gücləndirməkdə Azərbaycanı dəstəkləyir
® “PAŞA Holdinq”in təşkilatçılığı ilə “Future Shapers” proqramının açılış tədbiri keçirilib
“AzerGold”da Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub
Səfir: Çin minalanmış ərazilərin təmizlənməsində Azərbaycana humanitar yardım etməyə davam edir