×
A
A
A
Sazlamalar

AZƏRTAC-ın əməkdaşı “Dünya Conşana gəlir” layihəsində iştirak edib

Pekin, 11 oktyabr, AZƏRTAC

Çinin Tərcümə Akademiyası beynəlxalq kommunikasiya ekspertlərinin və xarici media nümayəndələrinin ölkənin ən inkişaf etmiş bölgələrindən olan Quandon əyalətinə səfərini təşkil edib.
Çin, Pakistan, Rusiya, Yaponiya, ABŞ və Braziliyadan olan nümayəndələrin daxil olduğu səfərdə AZƏRTAC-ın və AzTV-nin əməkdaşları da iştirak ediblər. “Dünya Conşana gəlir” adlı səfər Çinin son illər həyata keçirdiyi ən iri infrastruktur layihələrindən olan, Şencen və Conşan şəhərlərini birləşdirən körpü-tunel nəqliyyat bağlantısının istismara verilməsinin 100-cü gününə həsr olunub.
Nümayəndə heyəti ilk olaraq Şencen-Conşan yolu ilə tanış olublar. Bildirilib ki, iyunda istifadəyə verilən Şencen-Conşan nəqliyyat bağlantısı layihəsi sualtı tunel, 2 körpü və 2 süni adadan ibarətdir. Təxminən 7 ilə icra edilmiş layihənin məqsədi dünyanın ən çox məskunlaşılan bölgəsi olan, Çinin Quandon əyalətinin 9 şəhərinin, Honkonq və Makao xüsusi inzibati ərazilərinin daxil olduğu Böyük Körfəz Zonasında nəqliyyat əlaqəsini yaxşılaşdırmaqdır. Bu yol iqtisadi cəhətdən bir-birinə bağlı olan, vahid klaster təşkil edən Şencen və Conşan şəhərləri arasında avtomobillərin səyahət müddətini 2 saatdan 30 dəqiqəyə endirməklə, hər gün iş məqsədi ilə bu 2 şəhər arasında səfər etməli olan 10 minlərlə insanın işini yüngülləşdirib.
Şencen-Conşan xətti mürəkkəb mühəndis layihəsi olmaqla yanaşı, həm də 10 dünya rekordu müəyyən edib. Bura polad və beton borulardan inşa edilmiş sualtı ən uzun və ən enli tunel, ən geniş sahəsi olan asma körpü, 91 metr yüksəklik ölçüsü ilə dənizdə ən hündür asma körpü ünvanı və s. rekordlar daxildir. Yolun 6,8 kilometrlik sualtı tuneli həm də dünyada ən uzun sualtı ikitərəfli 8 zolaqlı boru tuneldir. Yolun orta eni 46 metr, hündürlüyü isə 10,6 metrdir. İki istiqamətdə 8 zolaqlı yol avtomobillərin maksimum saatda 100 kilometr sürətlə hərəkəti üçün layihələndirilib. Adi günlərdə orta hesabla 100 min avtomobil bu yoldan istifadə edir. Çin Xalq Respublikasının yaranmasının 75-ci ildönümündə, oktyabrın 1-də yoldan 155 min avtomobil keçib ki, bu, rekord göstəricidir.
Beynəlxalq kommunikasiya ekspertləri və xarici jurnalistlər səfər çərçivəsində Conşan şəhərindəki əczaçılıq, telekommunikasiya və dron istehsalı müəssisələrində olub, şəhərin turizm məkanlarına baş çəkiblər.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri

Pekin
 

 

Cəmiyyət 2024-10-11 20:14:00