IDEA İctimai Birliyi “PASHA Qrupu”nun dəstəyi ilə növbəti təmizlik aksiyası təşkil edib
Bakı, 11 oktyabr, AZƏRTAC
IDEA İctimai Birliyinin təşkilatçılığı və “PASHA Qrupu”nun dəstəyi ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib.
Bu barədə AZƏRTAC-a IDEA İctimai Birliyindən məlumat verilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil edilən aksiya ictimai çimərlik ərazisində baş tutub.
Təmizlik aksiyasında IDEA könüllüləri ilə yanaşı, “PAŞA Holdinq” və “PASHA Management Company” tərəfindən idarə olunan şirkətlərin 170-dən çox əməkdaşı, həmçinin “LANDAU School”un şagirdləri olmaqla ümumilikdə 250-dən çox şəxs iştirak edib. Aksiya zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş iştirakçıların topladıqları 2 tona yaxın tullantı “Təmiz Şəhər” ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.
“Sahillər təmiz qalsın!” şüarı altında keçirilən aksiyanın əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və insanları dənizətrafı mühitin mühafizəsinə yönələn səylərə cəlb etməkdən ibarətdir. Xəzər dənizinin və Qafqaz regionunun digər su hövzələrinin unikal biomüxtəlifliyinin mühafizəsi məqsədilə IDEA çirkləndirilmiş sahilyanı ərazilərin təmizlənməsinə və bərpası üçün mütəmadi tədbirlər həyata keçirir.
Qeyd edək ki, IDEA İctimai Birliyi mütəmadi olaraq təmizlik aksiyaları təşkil edir və bu aksiyalarda iştirak etmək üçün şirkətləri, təşkilatları və qurumları birgə əməkdaşlığa dəvət edir. Təmizlik aksiyalarının birgə təşkili ilə bağlı IDEA İctimai Birliyinə müraciət edə, ətraf mühitin mühafizəsinə öz töhfənizi verə bilərsiniz. Müraciətlərinizi IDEA-nın “1113” qaynar xətti və ya [email protected] e-poçt ünvanına göndərməyiniz xahiş olunur.
IDEA İctimai Birliyi bir daha hər kəsi planetimizin qarşılaşdığı çoxsaylı problemlərin həlli, indiki və gələcək nəsillərin rifahı naminə birləşməyə və hərəkətə keçməyə, təbiətin bizə bəxş etdiyi nemətlərə həssas yanaşmağa çağırır.
ADY yaşıl dünya naminə kütləvi iməcilik keçirib
“Zəfər Günü - milli qürur və şərəf tariximiz” mövzusunda elmi-praktik konfrans keçirilib
“Zəfər körpüsü” layihəsi: I və II Qarabağ müharibəsi şəhidlərinin övladları bir araya gətirilib