“Muğam hər bir ifaçının səsi ilə yenilənir, inkişaf edir” - Mənsum İbrahimovla söhbət
Bakı, 11 oktyabr, Gülay Nəzərova, AZƏRTAC
Onun ifasını sevməyən tapılmaz, balacadan böyüyə hər gün dinləsək belə səsindən, avazından doymadığımız az-az sənətkarlardandır Mənsum İbrahimov. O, nə oxuyursa ürəkdən oxuyur, millətini, Vətənini, torpağını sevərək oxuyur. Muğamlarımızın mahir bilicilərindən olan ustad xanəndənin bənzərsiz səsi ilə yanaşı, həm də özünəməxsus yaradıcılıq yolu var. Ona sevginin bu qədər çox olmasının əsl səbəblərindən biri də hər zaman səmimi, mehriban olması, tələbələrinə qayğı ilə yanaşması, muğam irsimizin gələcək nəsillərə çatdırılması üçün yorulmadan fədakarlıq göstərməsindədir.
AZƏRTAC-ın müxbiri ifaları ilə dinləyicilərin qəlbinə gənclik eşqi, təravəti gətirən Xalq artisti, “Şöhrət” ordenli sevimli xanəndəmizlə görüşüb, onunla söhbət edib.
“Heyran-heyran Arif Babayevin ifasına qulaq asdım”
Qarabağın gözəl guşəsi Ağdamda anadan olan Mənsum İbrahimov bildirir ki, uşaqlıq illəri xoşbəxt və qayğısız keçib. Hələ uşaq yaşlarından gələcəyə nikbin baxıb: “Kəndimizin ətrafında Soltanbud təpəsi var idi. Həmişə kənd uşaqları ilə birlikdə onun ən hündür yerinə qalxıb mahnılar oxuyardıq. Deyərdim ki, Qarabağda az qala hər iki nəfərdən birinin yaxşı səsi var. O vaxt bizim həvəskar səviyyədə oxuduqlarımızı müəllimlərimiz də bəyənirdi. Məktəb tədbirlərinin fəal iştirakçısı olmuşam. İbtidai sinif müəllimimiz məni Yeni il şənliyinə dəvət etmişdi. Oradakı ifamı çox bəyəndilər. Sonralar müxtəlif tədbir və konsertlərdə iştirak etməyə başladım”.
“Mənsum İbrahimov necə oldu ki, xanəndə olmağa qərar verdi” sualına cavabında o, Arif Babayevin ifasını eşitdikdən sonra bu qərara gəldiyini açıqlayır: “Bir dəfə böyük sənətkarlar Arif Babayev və Əhsən Dadaşov kəndimizə qonaq gəlmişdilər. O vaxt Qarabağda toylar çox dəbdəbəli olurdu. Mən üç gün heyran-heyran Arif Babayevin ifasına qulaq asdım, səsini dinlədim. Təxminən 12 yaşım olardı. Onda qərar verdim ki, gələcəkdə mütləq Arif Babayev kimi xanəndə olacağam”.
Bəli, həqiqətən Qarabağ başdan-başa muğam, musiqi mühitidir. Hara üz tutursansa, muğam səsi eşidirsən. Elə bil orada hər şey muğam üstə köklənib. Mənsum İbrahimov da belə mühitdə böyüyüb. Adlı-sanlı sənətkarların konsertlərinin, müxtəlif musiqi məclislərinin çox şahidi olub. Onların hər biri onun musiqi zövqünün formalaşmasına təsir edib.
Nəsildən-nəslə ötürülən muğam...
O, hərbi xidmətdən gələndən sonra musiqi sahəsində təhsil almaq fikrinə düşür. Nə qədər yaxşı səsin olursa-olsun, nə qədər yaxşı oxuyursansa oxu, mütləq müəyyən məktəb görməli, ustad sənətkarlardan dərs almalısan. Ona görə də sənədlərini Bakıdakı Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsinə verib və qəbul olunub: “O vaxt həmin texnikumun direktoru bəstəkar Vasif Adıgözəlov idi. Bir dəfə sinifdə muğam oxuyanda Vasif müəllim səsimi eşidərək qapını açıb içəri daxil oldu və mənimlə maraqlandı. Haralı olduğumu bilən kimi, dərhal “Təbii ki, bu, Qarabağ səsidir”, - dedi. “Çahargah” muğamını ifa edərkən müəllimlər mənə ən yüksək qiymət verdilər. Mərhum xanəndə Vahid Abdullayevin sinfinə qəbul olundum. Onun ürəyə yatan səsi var idi. Muğamın sirlərini ondan öyrəndim. Sonralar tale elə gətirdi ki, Vahid müəllimin oğlu Valid Abdullayev də mənim tələbəm oldu. Belə halların olması bizim üçün həm çox sevindirici, həm də qürurvericidir.
Onu da deyim ki, mənə babamın adını qoyublar. Onun da çox gözəl səsi olub. O səs ilə hər kəsi təəccübləndirmək mümkün idi. Muğamımız bizə nəsildən-nəslə qalan gözəl bir mirasdır”.
Səhnəmizin Məcnunu
“1985-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr edilmiş müsabiqədə I dərəcəli diploma layiq görüldüm. Həmin vaxtlarda Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda üçüncü kursda oxuyurdum. Qalib gələcəyimə inanmasam da, özümü sınamaq istədim. Müsabiqənin yekununda ən yüksək mükafata layiq görüldüm və qalib kimi diplomu mənə Xalq artisti Şövkət Ələkbərova təqdim etdi. Dedi ki, arada mənim də sinfimə gəl, sənin səsin çox xoşuma gəldi. Sonralar mən Şövkət xanımın sinfinə getdim və onun məsləhəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olundum. 1993-cü ildən "Leyli və Məcnun" operasında Məcnun rolunu oynadım. Bu rol mənim çoxdankı arzum idi. Həmin günü çox böyük həvəslə gözləmişdim və böyük həvəslə də məşq edirdim”, - deyir həmsöhbətim.
Ona səhnəmizin Məcnunu da deyirlər. İndiyədək klassik operadakı Məcnun rolunu 120 dəfədən çox ifa edən Mənsum İbrahimov “Aşıq Qərib”də Qərib, “Gəlin qayası”nda Camal, “Sevil”də Azançı rollarını da canlandırıb. Azərbaycan muğam sənətini dünyanın bir çox ölkələrində - Türkiyə, İraq, İran, Fransa, Belçika, Lüksemburq, Kipr, ABŞ və Kanadada təmsil edib. Elə indi də xaricə qastrol səfərlərinə gedir. Bununla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olur. O, hazırda Azərbaycan Milli Konservatoriyasında tələbələrə muğamın sirlərini öyrədir.
“Gənclərimizdə muğam sənətinə maraq xeyli artıb”
Görkəmli muğam ifaçısı deyir: “Muğam insanı düşündürür. Muğam bizim tariximiz, milli geyimimiz, musiqi ənənəmiz, bir sözlə, hər şeyimizdir. Xalqımızın adət-ənənələri muğamda cəmlənir. Muğam sənətinə dövlətimiz tərəfindən də çox böyük diqqət və qayğı göstərilir. Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən muğam sənətinin qorunması və inkişafı ilə bağlı bir sıra uğurlu tədbirlər keçirilir. Bunun nəticəsidir ki, gənclər arasında muğama maraq xeyli artıb. Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən Muğam Televiziya Müsabiqəsi keçirilir. İndiyədək altı beynəlxalq muğam festivalı və müsabiqəsi təşkil olunub. Bunun sayəsində onlarla gənc xanəndə sənətə gəlib və mədəniyyətimizə xidmət edir”.
Bu gün muğam sənətinin intibah dövrünü yaşadığını vurğulayan sənətkar deyir ki, Azərbaycan muğamının dünyada tanınmasında, təbliğində Heydər Əliyev Fondunun rolu misilsizdir. “Ölkəmizin müxtəlif bölgələrində muğam mərkəzləri tikilib. Bakıda, Füzulidə, Ağcabədidə, Ağdamda (Quzanlıda), Sumqayıtda. Ağdam şəhəri işğaldan azad olunandan sonra orada da möhtəşəm muğam mərkəzi inşa edilir. Mən muğamın belə geniş təbliğinə görə qürur hissi keçirirəm”, - deyə əlavə edir.
Gənclərin son illərdə muğama sevgisinin artmasından da danışan Mənsum İbrahimov qeyd edir ki, bu, çox sevindirici haldır. Gənclərimizin muğamı dinləyib, hətta sosial şəbəkələrdən bunu təbliğ etmələri çox gözəldir. Muğam Azərbaycan xalq musiqisinin əsasını təşkil edir. Muğamı sevmək, xalqını, vətənini, adət-ənənələrini sevmək deməkdir.
“Muğam qədim olduğu qədər də müasirdir”
“Muğam ifa edərkən keçirilən hisslər hər yaşda fərqlidir”, - deyən Mənsum İbrahimov bildirir ki, uşaq vaxtı başqa xəyallarla, arzularla ifa edirsən. Həmin dövrdə muğamın dərinliyini dərk etmirsən, sözləri əzbərləyib oxuyursan, daha çox səsə güc verirsən. Zaman keçdikcə sənətkarda sənəti dərk etmə, inkişaf başlayırsa, artıq o, oxuyarkən öz ruhunu ifadə edir.
Xalq artisti şahidi olduğu hadisələrdən birini danışır: “Biz bir dəfə Latviyada konsertdə idik. Qonaqlardan biri yaxınlaşıb “Siz ifa edərkən mən sözləri anlamıram. Amma mənə elə gəldi ki, bu, kosmik musiqidir, sanki göydən gəlir, insanı özü ilə alıb aparır”, - dedi. Bəli, muğam bəşəri musiqidir və qədim olduğu qədər də müasirdir. Muğam hər bir ifaçının səsi ilə yenilənir, inkişaf edir. Elə ki, muğam aləminə daxil olursan, o, səni alıb özü ilə aparır, öz ruhunu ifadə edirsən. Bir sözlə, yenilənən təkcə muğam deyil, insanın ruhu, düşüncə tərzi və gələcəyə baxışıdır”.
“Doğma torpağa qovuşmaqdan böyük səadət yoxdur”
Torpaqlarımız işğaldan azad edildikdən sonra o yerlərə getməsindən, erməni vəhşiliyini gözləri ilə görməsindən də danışan görkəmli ifaçı deyir: “Bir dəfə xarici qonaqlarla Ağdama səfər etmişdik. Onlar erməni vandallarının doğma yurdumuzu necə dağıdıb viran qoyduğuna şahid oldular. Mən orada qonaqlar üçün muğam oxudum. Xarici qonaqlardan biri mənə yaxınlaşıb təəccüblə soruşdu: “Burada hər yer dağıntı içindədir, amma siz mahnı ifa edərkən gülümsəyib sevinirdiniz”. Dedim ki, Ağdamda doğulmuşam, 30 ildir bu torpağın həsrətini çəkmişəm. Sizin dağıntı içində gördüyünüz bu torpaq mənim üçün cənnətdir, dünyanın ən məşhur səhnələrindən də üstündür. Bu səsi mənə bu torpaq verib”.
Doğma yurdu, Vətəni heç nə ilə əvəz etmək olmaz. Hər kəs bu həyatı bir dəfə yaşayır. Hamı istəyir ki, həyatın gözəlliklərini duya-duya, doya-doya, yaşasın. Mənsur müəllimlə söhbətimiz onun bu sözləri ilə yekunlaşır: “Özümüzü qalib ölkənin vətəndaşları hesab edirik. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimizin canı, qanı, igid əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad edildi. Bizə bu Zəfəri onlar yaşatdılar. Doğma torpağa qovuşmaq, dünyaya gəldiyin yerdə yaşamaq çox böyük səadətdir. Belə bir səadətə nəsib olduğuma görə özümü çox xoşbəxt hiss edirəm”.
Praqada Azərbaycan poeziya gecəsi keçirilib
Heydər Əliyev Sarayında “Oyanış” adlı konsert proqramı təqdim edilib VİDEO
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert təşkil olunacaq
Rusiyanın mədəniyyət naziri Bakıdakı Rus evində olub
COP29 çərçivəsində Bakıya gələn Slovakiya Prezidenti Qobustan qoruğunu ziyarət edib