Dünyanın ən yaxşı universitetlərinin fənn reytinqlərində Azərbaycanın ali məktəblərinin sayı üçə çatıb
Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Neft və qaz sahəsində mühəndislik ixtisasları” üzrə dünyanın ən yaxşı 150 universiteti siyahısına daxil edilib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, siyahını “QS Quacquarelli Symonds” reytinq agentliyi bu gün dərc edib. İştirakçı universitetlərin yenilənmiş fənn reytinqi siyahısında ADNSU 101-150 aralığında yer alır.
Beləliklə, “QS 2024 sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı”nda Azərbaycan dörd istiqamət üzrə üç ali təhsil müəssisəsi ilə təmsil olunur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən başqa, bu reytinqlərə Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) də daxildir.
Qeyd edək ki, QS dünyanın ən yaxşı universitetlərinin fənn reytinqlərini hazırlayarkən beş əsas göstəricidən istifadə edir: akademik reputasiya, işəgötürənlər arasında reputasiya, bir nəşrə görə sitatların sayı, “Hirş” indeksi və beynəlxalq elmi əməkdaşlıq indeksi. Bu reytinqlər 95 ölkə üzrə 1500 universitetdə 16400-dən çox təhsil proqramını müqayisə edən müstəqil analizi təqdim edir. Reytinq 55 fənn və 5 geniş fənn kateqoriyası üzrə ölçülüb.
Folklor İnstitutu ilə Urgənc Dövlət Universiteti arasında Memorandum imzalanıb
BDU-da “Fərqli fərdlər” himninə çəkilən klipin təqdimatı olub
Vətənpərvərlik layihəsinə start verilib
“Heydər Əliyev ideyalarının müasir dövrdə reallaşması və davamlılığı” – mühazirə