Azərbaycan millisinin sabiq futbolçusu: Yüksək motivasiya və inam sayəsində Estoniyaya qalib gəlmək olar
Bakı, 11 oktyabr, AZƏRTAC
“Yığma üzvlərinin əksəriyyətini tanıyıram. Düşünürəm ki, rəqibi üstələyə biləcək gücdədirlər. Lakin oyunçuların fərdi keyfiyyətləri nə qədər yüksək də olsa, ən önəmlisi komanda şəklində son ana qədər layiqincə mübarizə aparmaqdır”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Cavid Hüseynov UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün səfərdə Estoniya yığmasına qarşı keçiriləcək oyunla bağlı danışarkən deyib.
Veteran yarımmüdafiəçi milli komandanın yüksək motivasiya və inam sayəsində rəqibə qalib gələcəyinə inandığını bildirib: “Estoniya qrupda yer alan İsveç və Slovakiya seçmələrinə nisbətən zəif rəqibdir. Buna baxmayaraq, futbolda öncədən proqnoz vermək çətindir. Bu gün futbolçularımızın da qələbəyə inamları böyükdür. Oyundan yaxşı nəticə ilə ayrılmaq istəyirlər. Bu baxımdan hər birimiz böyük maraqla axşamkı oyunu gözləyirik. İnanıram ki, məşqçilər tərəfindən də bütün təlimatlar verilib. Ümid edirəm ki, matç istədikləri, düşündükləri və arzuladıqları kimi nəticələnər”.
C.Hüseynov yığmanın aparıcı üzvləri olan Bəhlul Mustafazadə və Elvin Camalovun zədə səbəbindən heyətdən çıxarılmasının komandaya mənfi təsir göstərməyəcəyini söyləyib: “Müdafiəçi mövqeyində çıxış edən Bəhlul uzun illərdir “Qarabağ”ın heyətində optimal formadadır. Həm millidə, həm də klubunda yaxşı oyun nümayiş etdirir. Təbii ki, bu, Bəhlulun yerinin görünəcəyini deməyə əsas verir. Bu gün Azərbaycan yığmasında hücumçu və müdafiəçi problemi var. Amma inanıram ki, komanda yoldaşları onun yoxluğunu hiss etdirməyəcəklər. Yarımmüdafiəçi Elvin Camalov da “Sabah”ın heyətində keçirdiyi hər görüşdə 90 dəqiqə mübarizə aparır. O da stabil futbolçudur. Bəhluldan fərqli olaraq, Elvinin mövqeyi elədir ki, yığmada onu əvəzləyəcək oyunçu tapmaq daha asandır. Amma istənilən halda, bu iki futbolçunun yoxluğu komanda üçün itkidir”.
Qeyd edək ki, “Lilleküla” stadionunda oynanılacaq Estoniya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
“Real Madrid” üç futbolçusunu transferə çıxarmağa hazırlaşır
Klublararası dünya çempionatında final: PSJ “Çelsi”yə qarşı
“Fənərbağça” ingiltərəli futbolçunu transfer edib
“Trabzonspor” qapıçısı ilə vidalaşıb
Premyer Liqaya yüksələn klub braziliyalı futbolçusunu saxlayıb