×
A
A
A
Sazlamalar

Fernandu Santuş: Tallinə qələbə üçün gəlmişik

Bakı, 10 oktyabr, AZƏRTAC
"Bu gün ad günümdür. Təbrikə görə çox sağ olun. Ümid edirəm ki, sabah futbolçularım qələbə qazanmaqla mənə ad günü hədiyyəsi edəcəklər".
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında Estoniyaya qarşı keçirəcəkləri səfər oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis Tallinə qələbə üçün yollandıqlarını bildirib: “Rəqibin hər iki matçını izləmişəm. Futbolda qol vurub top buraxmayan qələbə qazanır. Sabah ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq. Çox gərgin oyun olacaq. Hər iki komandanın motivasiyası fərqlidir. Mənim üçün vacib olan öz komandamdır. Rəqib haqqında məlumatım var. Standart vəziyyətlər zamanı təhlükəli olduqlarını bilirik. Sabah bizim lehimizə penalti olsa, zərbəni kimin yerinə yetirəcəyini bilirəm. Amma bunu indi açıqlamayacağam".
“Neftçi”də əsas heyətə düşməkdə çətinlik çəkən Emin Mahmudovun durumuna da toxunan baş məşqçi ondan çox şey gözlədiyini söyləyib: “Eminin oyununda hansısa eniş hiss etmirəm. Psixoloji durumu yerindədir. Komandamız üçün vacib oyunçudur. Onunla hər hansı söhbətimiz olmayıb. Özü hər şeyi yaxşı dərk edir. Bilir ki, milli komanda üçün əlindən gələni etməlidir. Sabah meydana çıxıb-çıxmayacağını indi deyə bilmərəm. Bu, rəqibin lehinə işləyə bilər”.
F.Santuşun sözlərinə görə, komandasının hansı taktiki sxemlə oynaması önəmli deyil: “Əsas olan meydanda dinamik mübarizə aparmaqdır. Mənim öz oyun üslubum var və komanda buna bələddir. Hamı bizdən yaxşı oyun gözləyir. Düşünürəm ki, yavaş-yavaş öz hədəflərimizə çatacağıq. Əlimizdə olan oyunçuların üzərində işləməli, onları inkişaf etdirməliyik”.
Qeyd edək ki, oktyabrın 11-də “Lilleküla” stadionunda keçiriləcək Estoniya-Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

İdman 2024-10-10 18:27:00