"Neftçi" Müşahidə Şurasının üzvü: Düzgün məşqçini seçmək üçün əlimizdən gələni edəcəyik
Bakı, 10 oktyabr, AZƏRTAC
“Heç kim hazırda “Neftçi”nin tutduğu mövqedən məmnun deyil. Bu barədə hamı öz məsuliyyətini dərk edir. Düzgün məşqçini seçmək üçün əlimizdən gələni edəcək və irəliyə doğru addımlayacağıq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Neftçi"nin Müşahidə Şurasının üzvü Emin Əmrullayev Azərbaycan Basketbol Liqasının yeni mövsümünün açılışına həsr edilmiş tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.
O, bu yaxınlarda Bakı təmsilçisinin baş məşqçisi postundan ayrılan Roman Qriqorçuk barədə danışıb: “Qriqorçuk kifayət qədər peşəkar məşqçi olmasına baxmayaraq, “Neftçi”də uğur qazana bilmədi. Lakin bu posta yeni namizədlər təklif olunub. Yaxın günlərdə baş məşqçinin kimliyi hamımıza məlum olacaq. “Neftçi” hazırda turnir cədvəlində axırdan ikincidir. Təəssüf ki, futbolda belə hallar olur. Mövsümün əvvəlində böyük ümidlərlə bu prosesə başladıq. Təəssüf ki, belə alındı. “Neftçi” rəhbərliyi dəyişiklik üçün nələrsə etməli idi. Ona görə də ukraynalı mütəxəssislə vidalaşmaq məcburiyyətində qaldıq. Düşünürəm ki, futbol ictimaiyyəti də gördüyümüz işi səhv qərar kimi qiymətləndirmədi. Məşqçi ilə peşəkar formada yollarımızı ayırdıq. Təbii ki, bu, rəhbərliyin qərarı idi. Belə olmağını istəməzdik. Hazırda klubumuzun xeyrinə ən düzgün qərarları verməyə çalışırıq. Bildiyiniz kimi, komandanın inkişafı üçün il ərzində kifayət qədər işlər görülüb. Yaxın gələcəkdə bu işlər öz bəhrəsini verəcək”.
E.Əmrullayev “ağ-qaralar”ın avrokuboklara vəsiqə qazanmaq şansının olduğunu söyləyib: “Neftçi”yə hər zaman qələbə yaraşır. Əgər klub ilk pillədə deyilsə, bu, əlbəttə ki, uğursuzluqdur. Komandanı qınayanlar da, dəstək olanlar da var. Fikrimcə, indi dəstək olmaq lazımdır”.
Funksioner əsas məqsədlərinin “Neftçi”ni Azərbaycanın bir nömrəli klubuna çevirmək olduğunu bildirib: “Rumıniyalı baş məşqçi Adrian Mutunu böyük ümidlərlə kluba gətirdik. Onunla uzun müddət danışıqlar apardıq. Uğursuz nəticələrə baxmayaraq, işindən razı olduğumuz üçün ona zaman verməyə hazır idik. Amma bir müddət sonra nəticə bizim üçün məqbul hesab edilmədi. Buna görə də yenidən məşqçi axtarışına başladıq. “Neftçi” üçün tanınmış və bir çox nailiyyətlərə imza atmış başqa çalışdırıcını bu vəzifəyə gətirdik. Doğru məşqçini tapana kimi bu proses davam edəcək. Azarkeşləri başa düşürük. İnamlı və səbirli olmalarını istəyirik. Biz də ən az onlar qədər məyusuq”.
Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasının birinci dövrəsindən sonra 5 xalla 9-cu pillədə qərarlaşıb.
Misli Premyer Liqası: "Neftçi" - "Şamaxı" oyununda qalib müəyyənləşməyib
Bakıda Olimpiya mükafatçıları və dünya çempionlarının iştirakı ilə fləş-mob keçirilib VİDEO
Millətlər Liqası: Azərbaycan yığmasının son iki oyun üçün heyəti açıqlanıb
Fernandu Santuş: Qarşıdakı oyunlarda hazırkı vəziyyətdən çıxmağa çalışacağıq VİDEO
Avropa Liqası: “Fənərbağça” uduzub, “Ayaks” 5 cavabsız qolla qalib gəlib