×
A
A
A
Sazlamalar

Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil edən oxatanlarla görüş olub

Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycan Kamandan Oxatma Federasiyasında (AKOF) milli komandanın baş məşqçisi Natiq Fazilov, ölkəmizi nüfuzlu beynəlxalq yarışlarda uğurla təmsil edən idmançılar Fatimə Hüseynli və Məhəmmədəli Əliyevlə görüş olub.
AKOF-un mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, federasiya üzvləri hər iki oxatanın yerli və beynəlxalq turnirlərdə əldə etdikləri nailiyyətləri yüksək qiymətləndiriblər.
Qeyd edək ki, üç ildir oxatma idman növü ilə məşğul olan 17 yaşlı F.Hüseynli müxtəlif illərdə keçirilən yarışlarda 14 qızıl, 9 gümüş və 5 bürünc medal qazanıb. O, bu ilin aprel ayında gənclərarası Avropa Kubokunda qazandığı ikinciliklə Avropadan Azərbaycana medal gətirən ilk idmançı adına sahib çıxıb. Yığma üzvü avqustun 23-25-də təşkil olunmuş ölkə çempionatında da mükafatçılar sırasında yer alıb.
Dördqat respublika çempionu olan M.Əliyev isə Antalyada baş tutan Dünya Kubokunda 661 xalla Azərbaycan rekordunu yeniləyib.
Məhəmmədəli ilə Fatimə Gürcüstan və Tacikistanda keçirilən beynəlxalq turnirlərin komanda yarışlarında isə müvafiq olaraq gümüş və bürünc medala yiyələnməklə dünya oxatanları arasında reytinq qazana biliblər.

 

İdman 2024-10-10 15:10:00