Vüqar Kərimov: 142 mineral xammal yatağında işğal dövründə istismar edilmiş həcmlər müəyyənləşdirilib
Laçın, 10 oktyabr, AZƏRTAC
“Azərbaycan-Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzi”nin və “Ağıllı Tinglik Təsərrüfatı”nın yaradılması, meşə sahələrinin bərpası, eyni zamanda, fauna növlərinin reintroduksiyası tədbirləri davamlı şəkildə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun Laçında keçirilən iclasında işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov söyləyib.
O bildirib ki, ümumilikdə, 142 mineral xammal yatağında monitorinq təftiş işləri aparılıb və işğal dövründə istismar edilmiş həcmlər müəyyənləşdirilib. Həmçinin yeraltı su yataqlarının istismar ehtiyatlarının yenidən qiymətləndirilməsi layihələri üzrə 170-dən artıq məntəqədə yoxlama-təftiş işləri yerinə yetirilib.
“Bəsitçay Dövlət Təbiət Qoruğunun və Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyətinin bərpası çərçivəsində ərazi xəritələri Nazirlər Kabineti tərəfindən təsdiq olunub və hazırda Arazboyu Dövlət Təbiət Yasaqlığının xəritəsinin, həmçinin Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitar mühafizə zonasının xəritə layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir”, - deyə V.Kərimov əlavə edib.
Videoqraflar Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfər ediblər VİDEO
Gəncədə limonad istehsalı müəssisəsində yoxlama keçirilib