×
A
A
A
Sazlamalar

Mariya Zaxarova COP29 ərəfəsində ABŞ-ın Azərbaycana təzyiqini “klassik taktika” adlandırıb

Moskva, 9 oktyabr, AZƏRTAC

Qərb ölkələri iqlim dəyişmələri mövzusundan siyasi rıçaq kimi istifadə edirlər, lakin Azərbaycana təzyiq etmək əbəsdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, hər il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının növbəti Tərəflər Konfransı ərəfəsində Vaşinqton sədrlik edən dövlətə təzyiqi artırır. “Bu, klassik taktikadır. Biz bunu 2022-ci ildə Şarm Əl-Şeyxdəki Tərəflər Konfransı ərəfəsində müşahidə etmişik. Həmin vəziyyət keçən il Dubayda da baş vermişdi. İndi biz uydurma bəhanə ilə Azərbaycana təzyiqin necə artdığını müşahidə edirik”, - deyə diplomat qeyd edib.
“Azərbaycana təzyiq etmək əbəsdir. Müxtəlif məsələlərlə bağlı Azərbaycana dəfələrlə təzyiqlər göstərilib. Söhbət təkcə suveren dövlətlərə təzyiqin yolverilməzliyi ilə bağlı prinsipial mövqedən getmir, həm də ondan gedir ki, bu mövzu real olaraq mütəxəssislərin cəlb olunmasını tələb edir. Bu, ABŞ-ın sadəcə olaraq özünə faydalı olan bir qərarı qəbul etdirmək məqsədilə hər kəsin başına vuracağı növbəti bir siyasi “dəyənək” olmamalıdır. Ortaya atılmış bu cür xəbərlərdən iqlim dəyişmələri ilə bağlı populyar mövzu ətrafında süni şəkildə ajiotaj yaratmaq üçün istifadə olunur”, - deyə Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib.
Zaxarovanın fikrincə, reallıqda ABŞ və Qərb ölkələri iqlimin maliyyələşdirilməsi sahəsində yeni kollektiv kəmiyyət məqsədinə dair razılaşmanı, həmçinin beynəlxalq karbon vahidləri bazarının yaradılması məsələsi üzrə konsensusa nail olunmasını faktiki olaraq sabotaj edirlər.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Siyasət 2024-10-09 21:47:00